Rusiyada nazirlik rəsmisi və Çin dronlarını öz məhsulu kimi satan şirkət rəhbərləri həbs edilib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiya Sənaye və Ticarət Nazirliyinin Pilotsuz uçuş aparatları və robototexnika idarəsinin rəis müavini Alla Polovçenya külli miqdarda dövlət vəsaitini mənimsəmə və israfçılıq şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Nazirlik hazırda aparılan istintaq hərəkətlərinə rəsmi dəstək verdiyini açıqlayıb.
Alla Polovçenya ilə eyni vaxtda Rusiyanın məşhur “Efko” Şirkətlər Qrupunun inkişaf üzrə direktor müavini Yekaterina Kustova və şirkətin strateji inkişaf üzrə direktoru Vladislav Romantsev də saxlanılıb.
Məhkəmənin qərarı ilə hər iki yüksəkrütbəli rəhbər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Onlar dövlət satınalmaları zamanı külli miqdarda dələduzluq törətməkdə ittiham olunurlar.
İstintaqın ilkin materiallarına görə, “Efko” şirkəti Çindən hazır pilotsuz uçuş aparatları (dronlar) idxal edərək rəsmi sənədlərdə onları öz şəxsi istehsalı olan yerli rus məhsulları kimi təqdim edib və dövlətə baha qiymətə satıb.
Faktla bağlı başlanmış rəsmi cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






