Çin Rusiya döyüş dronları üçün kameralar istehsal edir. Ukrayna Silahlı Qüvvələri vurulmuş “Gerbera” dronunda Çin fabrikinə aid test videoları tapıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna hərbi müşaviri Sergey Beskrestnov Telegram kanalında video paylaşıb.
Yayımlanan videolar Şençjen şəhərindəki istehsal sexində texniki sınaqlara aiddir.
Görüntülərdə canlı küçə, qırmızı Çin lampaları, avtomobillər və qısa anlıq fabrikin daxili sahəsi görünür. Refleksiyada Viewpro-A40 kameraları tanınıb və geolokasiya çəkiliş yerini Nanşan rayonunda təsdiqləyib.
Videolar göstərir ki, Rusiya dronları Çin komponentləri ilə təchiz olunur.
2024-cü ildə Avropa İttifaqının nümayəndəsi belə bir fabrikin mövcudluğunu və Rusiyaya dronlar tədarük etdiyini açıqlamışdı.
Ukrayna kəşfiyyatı 2025-ci ilin iyulunda tamamilə Çin komponentlərindən ibarət dronları ələ keçirdiyini bildirmişdi.
Estoniya xarici kəşfiyyatı isə Moskva üçün hərbi komponentlərin təxminən 80%-nin Çin istehsalı olduğunu bildirir.
Xuraman Etibarlı
İnterpress.az