“Ayrı-ayrı nazirliklər rəqəmsal transformasiya konseptini hazırlayıb təsdiqlədə bilsələr də, indiyədək ölkə üzrə rəqəmsal transformasiya konsepsiyası təqdiqlənməyib”.
İnterpress.az xəbər verir ki, bunu dövlət qurumlarında formalaşan data ilə bağlı vəziyyəti dəyərləndirən “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, rəqəmsal transformasiyada dataların yeri, ondan effektiv istifadə məsələləri, açıq məlumat bazaların formalaşması sahəsində problemlər qalır:
“Hər bir Nazirlik və ya dövlət qurumu deyir ki, onun datasının sahibi elə özüdür. Qəribə səslənsə də reallıqda vəziyyət belədir. Bəziləri uzun illər formalaşan datanı kimə istəsə pulsuz verir, bəziləri kimə istəsə satır, hətta xarici şirkətlərə təqdim edən də var və bir çoxları da onun üzərində kommersiya qurub özü üçün işlədir. Çox güman ki, bir çox hallarda məhz bu səbəbdən bəzi nazirliklər datanı inteqrasiya etməkdə maraqlı deyillər. Məhz bunun nəticəsidir ki, hələ də bir çox dövlət qurumları rəqəmsala keçə bilmir, vətəndaşlardan kağız formada, pdf formada sənədlər tələb edir. Çünki qonşudakı dövlət qurumunda bu informasiya, bu data olsa da onu digər dövlət qurumuna, sadəcə vermir.
ASAN-ının Elektron Hökumətin İnkişafı Mərkəzi bu istiqamətdə bir xeyli səylər göstərsə də, reallıq ondan ibarətdir ki, artıq bu iş bəlli bir səviyyəyə gəlib çatandan sonra irəli getmir. Gorünən odur ki, eGov Mərkəzinin kordinasiya imkanları çox zəifləyib. Əslində lap əvvəldən də eGov sahəsində koordinasiyada problemlər olub. Nəhəng dövlət qurumlarına datanı bölüşməklə, inteqrasiya ilə bağlı təsir etmək elə də asan başa gəlmir. Nəticədə isə elektronlaşma, rəqəmsal transformasiya ləngiyir. Prezident Administrasiyasının innovasiyalarla bağlı şöbəsinin də bu istiqamətdəki səylərini yetərli hesab etmək olmaz.
Təəssüf ki, hətta ayrı-ayrı nazirliklər rəqəmsal transformasiya konseptini hazırlayıb təsdiqlədə bilsələr də, indiyədək ölkə üzrə rəqəmsal transformasiya konsepsiyası təqdiqlənməyib. Hansı ki qonşu ölkələrdə bu tip yanaşmalar artıq xeyli illər öncədən müəyyənləşib, buna uyğun da addımlar atırlar. Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin ümumiyyətlə nə ilə məşğul olduğu da hələlik bəlli deyil”.