Ermənistanın feyk güllələnmə videosu: “Ermənilər Qərbin diqqətini çəkmək üçün…”backend

Ermənistanın feyk güllələnmə videosu: “Ermənilər Qərbin diqqətini çəkmək üçün…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Siyasi maraqları naminə öz soydaşlarını belə öldürməkdən geri durmayan bir millətin 44 günlük Vətən müharibəsində bizə tarixi qələbəni yaşadan qalib ordunu gözdən salmaq üçün feyk video hazırlaması heç də təəccüblü deyil”.

Bu sözləri Azərbaycan hərbçilərinin “erməni əsirləri” güllələməsi ilə bağlı yayılan video ətrafında yaranan müzakirələrə münasibət bildirən politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, videonun feyk olması ilə bağlı ciddi arqumentlər var. Birincisi, videoda görüntü və səs arasında uyğunsuzluq açıq şəkildə hiss olunur:

“Bunu montaj üzrə mütəxəssislər də rahatlıqla aydınlaşdıra bilər. İkincisi, videoda diqqətçəkən digər bir məqam əsirlərin reaksiyalarıdır. Biz artıq ermənilərin əsir alınarkən və ya təxribatlar zamanı ələ keçirilərkən necə reaksiya verdiyini bilirik. Videoda isə əsirlərin üzündə, davranışlarında təşviş, ölüm qorxusu və s. kimi hisslər gözə çarpmır. Əksinə, öləcəyini bilən insanda olmayacaq qədər rahatlıq, arxayınlıq hiss olunur. Üçüncüsü, güllələnmə anının çəkildiyi yerə diqqətlə baxdıqda ərazinin daşlıq, qayalıq olduğu görünür. Bu ona görə vacibdir ki, peşəkar bir hərbçi şüursuzcasına belə ərazidə atəş açmaz. Çünki yanlış atılan bir mərmi qayalıqlarda istiqamətini dəyişərək qarşıdakı və ya yandakı hərbçiyə də dəyə bilər.

Azərbaycan silahlı qüvvələrində istifadə edilən mərmi tiplərindən biri də deşici, dağıdıcı 7.62 gümüşuclu mərmilərdir. Bu mərmilər hədəfə dəyənədək qarşısına çıxan istənilən maneədə istiqaməti dəyişə bilər. Bu, həm də həmin videoda istifadə edilən mərmilərin plastik təlim mərmiləri olduğunu sübut edir.

Dördüncüsü, videonun yayılmasında çox qısa zamanda erməni mediası, siyasətçiləri, fəalları canfəşanlıq etməyə başladı. İş o yerə çatır ki, AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar baş verənləri “dəhşət” adlandırır və deyir ki, videonun həqiqət olduğu sübut olunarsa, bu, hərbi cinayətdir, araşdırma aparılmalı və cinayətkarlar cəzalanmalıdır. Bir gün ərzində erməni ictimaiyyətinin, xüsusilə də Qərb siyasətçilərinin məsələdən bu qədər tez agah olub, təbliğata başlaması videonun əslində çox öncədən məhz ermənilər tərəfindən hazırlandığını göstərir. Nəticə etibarilə videonun feyk olması mümkündür. Nəzərə almaq lazımdır ki, ermənilərin Qərbin diqqətini çəkmək, süni ajiotaj yaratmaq kimi 100 ildən artıq təcrübəsi var. Siyasi maraqları naminə öz soydaşlarını belə öldürməkdən geri durmayan bir millətin 44 günlük Vətən müharibəsində bizə tarixi qələbəni yaşadan qalib ordunu gözdən salmaq üçün feyk video hazırlaması heç də təəccüblü deyil”.