100-dən çox insan məşhur attraksionun beyin zədələnməsinə səbəb olduğunu iddia edir.
İnterpress.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
100-dən çox insan “Six Flags” istirahət parkındakı məşhur “Amerika dağları” attraksionunu beyin zədələnməsinə səbəb olmaqda günahlandırır. Bu iddialar sözügedən əyləncə vasitəsinin insanların həyatını dəyişən travmalar və hətta ölümlə əlaqələndirildiyi araşdırmadan bir neçə həftə sonra ortaya çıxıb.
Vəkillər mətbuat konfransında bildirib ki, Cənubi Kaliforniyadakı “Six Flags” şirkəti şüurlu şəkildə insanların həyatını riskə atır. O, “X2” attraksionuna işarə edərək belə əyləncə vasitələrinə yer olmamalı olduğunu vurğulayıb və şirkətə qarşı üç iddia qaldırıldığını elan edib.
Vəkillər əlavə ediblər ki, onlara yüzlərlə başqa ziyarətçi də müraciət edib, lakin iddia müddətinin bitməsi, zədələrin beyinlə əlaqəli olmaması və ya tibbi sübutların yoxluğu səbəbindən onların məhkəməyə müraciət etmək hüququ olmayıb.
Bazar ertəsi qaldırılan iddialardan ikisi avqust ayında yayımlanan araşdırmada yer alan qadınların adından verilib.
Əlavə olaraq qeyd edək ki, 40 yaşlı Pamela Qilyen və 25 yaşlı Naomi Qrir-Uilkinson Kaliforniyanın Valensiya şəhərindəki “Six Flags Magic Mountain” parkında həyatları üçün təhlükə yaradan xəsarətlər alıblar.
Xuraman Etibarlı
İnterpress.az






