42 saylı Sumqayıt şəhər seçki dairəsindən Vətəndaş Həmrəyliyi Partiyasının deputatlığa namizədi, tanınmış yazıçı Əyyub Qiyas təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirib.
Sumqayıt şəhər 1saylı Uşaq və gənclərin İnkişaf Mərkəzində keçirilən tədbir dövlət himninin sədaları altında başlayıb. Namizədin vəkili Ehtiram İlham tədbiri açdıqdan sonra Azərbaycan torpaqlarının azadlığı və ərazi bütövlüyümüz uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Ardınca söz alan VHP sədrinin müavini Yusif Salmansoy partiyanın seçki kampaniyasından, seçicilərə təqdim edilən sosial-iqtisadi proqramdan danışıb.
Daha sonra deputatlığa namizəd haqda məlumat verən natiq Sumqayıt üçün onun layiqli namizəd olduğunu bildirib. Sonra AYB-nin katibi, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, yazarlardan Şəhriyar del Gerani, Aysel Səfərli, Şərif Ağayar və ictimai fəal Şirzad Pirallahi çıxış ediblər.
Sonda namizəd öz platforması barədə danışıb və seçicilərin suallarını cavablandırıb.