Gürcüstanda rusdilli xarici vətəndaşı vuran şəxs saxlanılıb.
İnterpress.аz xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.
Gürcüstan polisi Telavi şəhərindəki otellərin birində rusdilli xarici ölkə vətəndaşı olan qadına qarşı fiziki zorakılıq tətbiq edən yerli sakini saxlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, xoşagəlməz hadisə oteldə keçirilən toy şənliyi zamanı baş verib.
Şahidlərin ifadələrinə əsasən, oteldə dincələn xarici vətəndaşlar otağın eyvanından aşağıdakı toy iştirakçılarını təhqir ediblər və musiqi aparatının üzərinə su töküblər.
Bundan qəzəblənən yerli sakin xarici qadına qarşı fiziki zorakılıq tətbiq edib. Yaralı qadın dərhal klinikaya yerləşdirilib.
Saxlanılan şəxsi qəsdən sağlamlığa yüngül zərər vurma ittihamı ilə 3 ilə qədər həbs cəzası gözləyir.
Daha əvvəl sosial şəbəkələrdə özünü bəyin qardaşı kimi təqdim edən şəxsin otağın qapısında rusdilli qadınla mübahisə etdiyi və daha sonra onun üzünə yumruq vurduğunu əks etdirən görüntülər yayılıb.
Gürcüstan DİN zərərçəkən qadının Rusiya vətəndaşı olub-olmaması barədə rəsmi məlumatı nə təsdiq, nə də təkzib edib.
Xuraman Etibarlı
İnterpress.аz






