“Hökumət ona görə “Real”la danışır ki…”backend

“Hökumət ona görə “Real”la danışır ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Arif bəy Hacılının “Real”ın ünvanına yazdığı statusa görə çox üzüldüm. “Real” ilə “Müsavat” arasında heç zaman problem olmayıb, hər dəfə dostcasına danışmışıq, orada dostlarımız var. Müsavatçılardan heç zaman şər-böhtan, söyüş görməmişəm. Çox sərt tənqidlər olub, amma onların heç biri etik çərçivəni aşmayıb. Bütün bunların fonunda Arif bəydən belə bir yazını görmək çox üzücü oldu”.

“Arif bəy Hacılının “Real”ın ünvanına yazdığı statusa görə çox üzüldüm. “Real” ilə “Müsavat” arasında heç zaman problem olmayıb, hər dəfə dostcasına danışmışıq, orada dostlarımız var. Müsavatçılardan heç zaman şər-böhtan, söyüş görməmişəm. Çox sərt tənqidlər olub, amma onların heç biri etik çərçivəni aşmayıb. Bütün bunların fonunda Arif bəydən belə bir yazını görmək çox üzücü oldu”.

İnterpress.az xəbər verir ki, bunu “Real”ın Siyasi Komitəsinin üzvü, millət vəkili Erkin Qədirli “Müsavat” başqanı Arif Hacılının “”Real” artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir” fikrinə cavab olaraq bildirib.

Erkin Qədirli şəxsi feysbuk hesabında yazıb:

“Niyə hökumət məhz “Real”la danışır? Niyə parlamentə məhz Erkini buraxdılar? Bu suallara cavab verməkdən həmişə yayınmışam. Hətta bir dəfə “özüm də bilmirəm” demişəm ki, zərbəsi mənə dəysin, amma söhbət uzanmasın. Arif bəyin statusundan sonra bu sualları cavablandırmaq istədim. Hökumət ona görə məhz “Real”la danışır ki, “Real” yalan danışmır, söymür, atmır, satmır. Məni ona görə parlamentə buraxdılar ki, mənimlə ən ağır məsələləri danışmaq, ən gizli söhbətləri mənə etibar etmək olur. Biz anlaşmaya asan getmirik, anlaşmanın prinsiplərini razılaşdırmadan kimsə ilə anlaşmırıq. Anlaşanda da, anlaşmanı pozmuruq. Hökumətlə hələ heç bir anlaşmamız yoxdur, amma Müsavatla olub.

2018-də “Real” qurultay üçün Müsavatdan yer istəmişdi. Mən onun əleyhinə idim, amma çoxluq onu məqbul saydı. Ona görə əleyhinə oldum ki, bizə görə Müsavata basqı olacağını güman edirdim. Əleyhinə olduğuma görə Müsavatla danışığa getmədim. Dostlarımız danışıqlardan sevincək qayıtdılar və Müsavatla yerlə bağlı anlaşdıqlarını dedilər. Üstündən bir neçə gün keçəndən sonra Arif bəy, yanılmıramsa, Azər Qasımlıya zəng edib qurultay üçün bizə yer verə bilməyəcəklərini söylədi. Bu dəfə də Azər bəy danışığa getmək istəmədi, düz də etdi. Amma bu dəfə məni göndərdilər, çünki mən yumşaq danışıram, kompromislərə, bir qayda olaraq, açıq oluram, qarşı tərəfin qayğılarını yaxşı anlayıram və s.

Arif bəylə söhbətimizin detallarını yazmaq istəmirəm. Qısa onu yazım ki, gümanım doğru çıxdı – hökumət Müsavata sərt basqı yapdı. Arif bəyə dedim ki, “Real” “Müsavat” üçün ən uyğun çıxış yoluna bəribaşdan razıdır, bizə görə kimsəyə ziyan dəyməsini istəmirik. Arif bəy bir bəyanat hazırladı, biz də onu dəstəklədik. Ayrıca, o məsələ haqqında heç yerdə danışmayacağımıza söz verdik. Sözümüzü də tutduq. İndi özümə sual verməyim gəlir – biz sözümüzü niyə tutduq? Sonradan Arif bəyin bizi satılmışlıqda suçlaması üçünmü?

“Real”ı sevməyə bilərsiniz, onu söyə də bilərsiniz. Amma “Real”ın çox aydın bir üstünlüyü var – “Real” açıq oynayır, kimsəyə ziyan vurmur, kimsəni söymür, atmır, satmır. “Real” yanıla bilər, amma satıla bilməz. Hökumət də məhz buna görə bizimlə danışır. Ağıllı olan hər kəs də bunu görür”.

xəbər verir ki, bunu “Real”ın Siyasi Komitəsinin üzvü, millət vəkili Erkin Qədirli “Müsavat” başqanı Arif Hacılının “”Real” artıq nəinki müxalifət partiyası deyil, həm də hakimiyyətin müxalifətə qarşı istifadə etdiyi resurslardan biridir” fikrinə cavab olaraq bildirib.

İnterpress.az