“Qərbə qarşı dostluq görüntüsünün yaradılması ayətullahların və Putinin maraqlarına uyğun olsa da, Atatürkün çağdaş mədəniyyət üzərinə qurduğu Türkiyənin maraqlarının əleyhinədir”.
Bu sözləri İran Prezidenti İbrahim Rəisi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putinin “Astana formatı”nda Tehran görüşünü dəyərləndirən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, görüş rəsmi olaraq Suriya ilə bağlı olsa da, üçlü toplantı daha çox Qərbə qarşı Ərdoğan, Putin və ayətullahların işbirliyi kimi xarakterizə olunur:
“Tehran görüşü ilə Ərdoğan, Putin və ayətullahlar dünyanın Qərbin maraqları ilə məhdudlaşmadığının mesajını verir. Türkiyənin azsaylı müstəqil mediası və qələm sahibləri isə Türkiyənin ayətullahlar tərəfindən aşağılandığını bildirərək Ərdoğanı sərt tənqid edirlər. Qərbə qarşı dostluq görüntüsünün yaradılması ayətullahların və Putinin maraqlarına uyğun olsa da, Atatürkün çağdaş mədəniyyət üzərinə qurduğu Türkiyənin maraqlarının əleyhinədir.
Xameneinin son Zəngəzur açıqlaması ayətullahların Azərbaycana qarşı düşmənçiliyinin bariz nümunəsidir. Xameneiyə və ya başqa bir iranlı din adamına “ağam” deyən hər kəs Azərbacanın düşmənidir. Azərbaycanın düşmənlərinin çağrışlarını ligitimləşdirən siyasi qüvvələr mövqelərini müəyyən etmək məcburiyyətindədirlər. İnsan hüquq və haqqları adı altında ayətullahların siyasətinin Azərbaycana transferinə qarşı qırmızı xəttin çəkilməsinin zamanıdır”.