Rusiyada işçi işə 20 dəqiqə tez gəldiyi üçün rəhbərliyindən 130 min rubl təzminat qazanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Rusiyanın Miass şəhərindən olan bir fabrik işçisi işə vaxtından tez gəldiyi üçün müəssisə rəhbərliyini məhkəməyə verərək təzminat qazanıb. Məhkəmənin çıxardığı qərara əsasən, işəgötürən şirkət əməkdaşa ümumilikdə 130 min rubl (təxminən 2470 manat) məbləğində təzminat ödəməlidir.
Məlumata görə, həmin şəxs rəhbərliyin tələbi ilə dörd ay ərzində hər gün işə 20 dəqiqə tez gəlməli olub. O, bu vaxt ərzində xüsusi iş paltarını geyinib, gündəlik tapşırıqları digər əməkdaşlarla müzakirə edib və dəzgahları işə salıb. Məhkəmə bu 20 dəqiqəlik erkən gəlişi rəsmi olaraq “əlavə iş saatı” (artıq iş) kimi qiymətləndirib.
Nəticədə məhkəmə işçiyə əlavə iş saatlarına görə 104 433 rubl (təxminən 1984 manat), həmçinin çəkdiyi mənəvi ziyana görə əlavə olaraq 25 min rubl (təxminən 475 manat) kompensasiya ödənilməsi barədə yekun qərar çıxarıb.
Xuraman Etibarlı
İnterpress.аz






