Türkiyənin İstanbul şəhərində qitələri birləşdirən Boğaz körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.
Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin bərpasının 30-cu ildönümü münasibətilə işıqlandırılan tarixi Fateh Sultan Mehmet körpüsü əhalinin və İstanbulda yaşayan azərbaycanlıların marağını cəlb edib.
Türkiyə 9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət olub. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub.
Azərbaycanın Türkiyədə səfirliyi 1992-ci ilin avqustunda açılıb. 1993-cü ilin yanvarında İstanbul şəhərində, 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Azərbaycanın baş konsulluqları təsis edilib.
Türkiyənin Bakıda Səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərir.