Könül İsmayılova: “Biz ilk borcumuz olaraq ana dilimizi övladlarımıza öyrətməliyik”backend

Könül İsmayılova: “Biz ilk borcumuz olaraq ana dilimizi övladlarımıza öyrətməliyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1 avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biridir. Ulu Öndər Heydər Əliyev Azərbaycan dili haqqında belə fikir səsləndirmişdi: “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.

Dil millətin simasını səciyyələndirən amillərdən biridir və xalqın milli sərvətidir. Eyni zamanda dil hər bir xalqın varlığının əsas təminatçısıdır. Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir. Xalqımız üçün ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.

Ulu Öndər Heydər Əliyevin ana dilimizin qorunması üzrə siyasi xəttinə sadiqlik bu gün də davam etdirilir. Buna bariz sübut kimi Prezident İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısının hazırlanmasını deyə bilərik. Həmçinin Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir.

Prezident İlham Əliyev də Azərbaycan dili haqqında: “Bizi millət kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız, tariximiz, ənənələrimizdir” – fikirlərini səsləndirib. İnanıram ki, yeni yetişən gənc nəslimiz də ana dilimizə sahib çıxacaq və onu olduğu kimi qoruyub saxlayacaq. Əlbəttə, çox dil bilmək və övladına da bir neçə dildə təhsil vermək hər kəsin arzusudur. Amma biz bu arzuyla, məqsədimizi qarışdırmamalıyıq. Övladlarımıza hansı dildə istəyiriksə, təhsil verib, dil öyrədə bilərik. Lakin, biz ilk borcumuz olaraq ana dilimizi övladlarımıza öyrətməliyik. Birinci ana dili, sonra başqa xarici dilləri valideynlər övladlarına öyrətsələr, dilimiz də, vətəndaşlığımız da yaşayacaq.

Nizami Rayon İcra Hakimiyyətinin məsul işçisi,
MMP-nın İdarə Heyətinin üzvü
Könül İsmayılova