Kreml “SVO” veteranlarının geri qayıdışına hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Məlumata görə, Rusiya prezidenti Vladimir Putin “SVO”-dan geri dönəcək hərbçilərin kütləvi şəkildə sosial sabitliyə risk yarada biləcəyindən narahatdır.
Hökumət hesab edir ki, aşağı gəlirli və narazı veteranlar 1990-cı illərdə Əfqanıstan müharibəsi iştirakçıları ilə baş verən sosial gərginliyi təkrarlaya bilər.
Bu riskin qarşısını almaq üçün Kremlin planları arasında veteranlara sosial dəstəyin artırılması və onların siyasətə, o cümlədən seçkilərdə iştirakına cəlb edilməsi var.
Mənbələr bildirirlər ki, güclü hüquq-mühafizə orqanları sayəsində vəziyyət müəyyən qədər nəzarətdə saxlanılır, lakin bəzi veteran kateqoriyaları hələ də narahatlıq doğurur.
Xuraman Etibarlı
İnterpress.az