İrəvanla Moskva arasında münasibətlər aydın deyil.
İnterpress.az xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, Ermənistanla Rusiya arasında münasibətlərdə aydınlıq yoxdur.
“Ermənistan KTMT tədbirlərində iştirak etmir, amma ədalət naminə vurğulamaq istəyirəm ki, İrəvan qərarların qəbuluna mane olmur. Buna görə də təşkilat işləyir və fəaliyyət göstərir”, – Lavrov qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri onu da qeyd edib ki, hələ 2022-ci ilin payızında sərhəddə (Ermənistan və Azərbaycan) çəkindirici rol oynamaq üçün KTMT-nin müşahidə missiyasının göndərilməsi barədə razılıq əldə olunub. Lakin o zaman erməni tərəfdaşlar təşkilatın sentyabr döyüşləri zamanı onların sərhədlərini qorumadığını əsas gətirərək bundan imtina ediblər.
“Prezident Putin dəfələrlə bu mövzuya qayıdıb. Demarkasiya xətti yox idi. Bəli, o zaman belə toqquşmalar olub, amma bu, çox effektli olardı. KTMT missiyasından imtina etmək həm də Ermənistanın suveren qərarı idi”, – XİN rəhbəri bildirib.
Xuraman Etibarlı
İnterpress.az