Vətəndaş Həmrəyliyi Partiyasının mərkəzi qərargahında İltifat Rəhimzadənin “Lənkəran 15 gün sovetlərsiz” adlı kitabının təqdimatı keçirilib.
İnterpress.az xəbər verir ki, İ.Rəhimzadə 1988-ci ildən Azərbaycan Milli Azadlıq Hərəkatına qoşulub və Lənkəranda bu hərəkatın rəhbərlərindən biri olub.
“Lənkəran 15 gün sovetlərsiz” kitabı 1990-cı il yanvarın 11-də sovet rəhbərliyinin ermənipərərəst mövqeyinə və Xankəndidə Azərbaycan bayrağının endirilməsinə etiraz olaraq Lənkəranda 15 gün sovet hakimiyyətinin devrilməsi ilə bağlı hadisələrdən bəhs edir.
Tədbiri giriş sözü ilə VHP sədrinin müavini, Lənkəran xalq hərəkatının öncüllərindən biri Arif İsmayılbəyli açaraq kitab və onun müəllifi haqda geniş məlumat verib.
İlk söz alan VHP sədri, Meydan hərəkatının lideri Sabir Rüstəmxanlı əsrin sonunda Xalq Hərəkatının tarixindən danışaraq Lənkəranın bu hərəkatda xüsusi yer tutduğunu qeyd edib.
S.Rüstəmxanlı bu tarixin yazılmasının vacibliyini bildirib:
“O mübarizə millətin iradəsi idi və gələcək üçün bu iradənin tarixi mütləq yazılmalıdır. O dövrün hərəkatı möhtəşəm, qürurverici bir tarixdir. Azərbaycanın hər bölgəsi, hər kəndi istiqlal uğrunda mübarizəyə qoşulmuşdu. Bu tarix mütləq yazılmalıdır ki, müstəqilliyin necə qazanılması unudulmasın”.
Lənkəran hərəkatının fəallarından biri Rahim Nuriyev o dövrün hadisələrinə ekskurs edərək Lənkərandakı hadisələrin xüsusi önəmindən və bütövlükdə istiqlal prosesindən danışıb.
Tarix üzrə elmlər doktoru, dosent, AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi” şöbəsinin aparıcı elmi işçisi Vaqif Abışov kitabın tarix araşdırmaçılığı baxımdan əhəmiyyətindən bəhs etdi.
“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu Xalq Hərəkatı tarixinin yazılmasının vacibliyindən danışaraq, o prosesin iştirakçılarının bunu qələmə almasının önəmini qeyd edib.
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Lənkəran və bütövlükdə Xalq Hərəkatı haqqında xatirələrtini bölüşərək kitabın faktoloji dəyərinin yüksək olduğunu bildirib.
Daha sonra filologiya üzrə fəlsəfə doktoru Siracəddin Hacı, tələbəlik illərindən Milli Azadlıq Mübarizəsinin fəallarından olmuş Qorxmaz İbrahim, yazıçı-publisist Faiq Balabəyli, Müsavat Partiyasının üzvü Lənkəran Xalq Hərəkatının fəallarından biri Mirbaba Babayev, VHP sədrinin müavini Sumqayıt Xalq Hərəkatının fəallarından biri Yusif Salmansoy çıxış edərək kitab haqqında fikirlərini bildirib.
Sonda müəllif çıxışçılara təşəkkürünü bildirib./Musavat.com



