Malayziyanın paytaxtında baş vermiş yanğın hələ davam edir.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Malayziyanın paytaxtı Kuala-Lumpur yaxınlığındakı Selanqor ştatında qaz kəmərində baş vermiş böyük yanğının söndürülməsi istiqamətində işlər davam edir.
Çərşənbə axşamı yerli vaxtla səhər saat 8.23-də Puçonq rayonunda yanğın barədə məlumat verildikdən sonra yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.
Selanqor Yanğın və Xilasetmə Xidmətinin əməliyyatlar üzrə rəis müavini Əhməd Muxlis Muxtar bildirib ki, yanğın boru xəttinin təxminən 500 metrini əhatə edib və söndürmə işləri tam sürətlə davam edir.
Ən azı 25 nəfər xəsarət alıb. Bir neçə yaşayış binası yanıb, bəzilərində insanlar içəridə sıxışıb qalıb.
“Yanğın yaşayış massivinin yaxınlığında baş verdiyi üçün yanğınsöndürmə qruplarımız digər mühafizə bölmələri ilə razılaşdırılaraq sakinləri təxliyə ediblər”, – Muxtar deyib.
Xuraman Etibarlı
İnterpress.az