Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev dühası və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Universitetdən Editor.az-a bildirilib ki, konfransdan əvvəl, MDU-nun əsas tədris korpusunda Heydər Əliyevin büstünün qarşısına gül dəstələri düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ulu öndər Heydər Əliyevin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən daim böyük hörmət və sonsuz minnətdarlıq hissləri ilə anıldığını bildirib və Allahdan ona rəhmət diləyib.
Sonra rektor Ş.Bayramov “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda məruzəsi ilə konfransın plenar iclasında çıxışına davam edib. Ümummilli Liderin bütün həyatını canından çox sevdiyi Azərbaycanın rifahına və davamlı inkişafına həsr etdiyini qeyd edən rektor hakimiyyətdə olduğu hər iki dövrdə Ulu Öndərin milli maraqlara əsaslanan uğurlu inkişaf strategiyasından və misilsiz xidmətlərindən bəhs edib. Vurğulayıb ki, əbədiyaşar liderin söylədiyi kimi, “İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır” fikri məhz onun böyük uzaqgörənliyindən və çoxşaxəli fəaliyyətinin nəticələrinə olan əminliyindən irəli gəlirdi. Dahi şəxsiyyətin həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gələrək adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdığını deyən Ş.Bayramov məhz Heydər Əliyev dühası sayəsində Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter aldığını, ölkəmizin beynəlxalq münasibətlər sisteminin əsas aktorlarından birinə çevrildiyini bildirib.
Ulu Öndərin müəyyən etdiyi siyasi kursun hazırda onun layiqli siyasi varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışan Ş.Bayramov Azərbaycanın müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu və yeni geosiyasi reallıqlar yaradan ölkəyə çevrildiyini söyləyib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Ordusunun şücaəti sayəsində tarixi Zəfərə imza atılması ilə Ümummilli Liderin ən vacib vəsiyyətinin həyata keçdiyini vurğulayan rektor bu gün ərazi bütövlüyü bərpa olunmuş müstəqil ölkənin vətəndaşı olmaqdan hər birimizin sonsuz qürur hissi keçirdiyini qeyd edib.
Ali təhsil müəssisəsi olaraq MDU-da dahi şəxsiyyətin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verildiyini diqqətə çatdıran Ş.Bayramov bu baxımdan elmi-nəzəri konfransın əhəmiyyətindən söhbət açıb. Həm plenar, həm də bölmə iclaslarında Ulu Öndərin fəaliyyətinin müxtəlif istiqamətlərinə dair məruzələrin təqdim ediləcəyi barədə məlumat verən rektor konfransa 11 ali təhsil müəssisəsi, 6 elmi-tədqiqat institutu olmaqla, bütövlükdə 22 fərqli təşkilatdan 116 məqalə və tezisin daxil olduğunu bildirib. Tədbirin təşkilində dəstəyi və əməyi olanlara minnətdarlığını ifadə edən Ş.Bayramov konfransın işinə uğurlar arzulayıb.
“Heydər Əliyevin zəngin irsi Azərbaycan xalqı üçün əbədi örnəkdir” mövzusunda çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkəmizin müstəqilliyi və inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, milli maraqlarımıza uyğun olaraq tarixi proseslərə təsir göstərmiş dahi şəxsiyyət Heydər Əliyevin hər zaman qürur hissi ilə xatırlandığını qeyd edib. Ümummilli Liderin taleyüklü məsələləri həll etməsi ilə yanaşı, tarixi yaradan şəxsiyyət olduğunu bildirən icra başçısı Heydər Əliyev siyasətinin Azərbaycanı qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə aparan möhtəşəm nailiyyətlərin əsasını təşkil etdiyini vurğulayıb.
Görkəmli dövlət xadimi Heydər Əliyevin nəhəng fəaliyyətinin çox böyük dövlətçilik salnaməsi olaraq dəyərləndirildiyini bildirən İ.İsmayılov Ulu Öndərin ideyaları və zəngin irsi əsasında inkişaf yolunda inamla və qətiyyətlə addımlayan müasir Azərbaycan dövlətinin hazırda tarixinin ən qüdrətli dövrünü yaşadığını deyib. Ümummilli Liderin layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən zamanın tələblərinə və dövrün ictimai-siyasi qanunauyğunluqlarına müvafiq surətdə həyata keçirilən məqsədyönlü, ardıcıl və sistemli tədbirlər nəticəsində əldə edilən böyük uğurlardan bəhs edən icra başçısı hazırda dünyada milli tərəqqinin Azərbaycan nümunəsi fenomeninin qəbul edildiyini qeyd edib.
“Heydər Əliyev: xatirələrdə əbədi yaşayan tarixi şəxsiyyət” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının üzvü Adilə Abasova Azərbaycan dövlətinin memarı, tarixi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayını xatırladıb. Qurultayda iştirak etməkdən böyük fəxr və qürur hissi keçirdiyini deyən A.Abasova sözügedən tədbirdə Ulu Öndərin tarixi çıxışının yaddaşlara əbədi həkk olunduğunu bildirib. Qeyd edib ki, Ümummilli Liderin dillər əzbəri olan “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” məşhur kəlamı onun azərbaycançılığa və milli-mənəvi dəyərlərə yüksək həssaslığından və güclü bağlılığından xəbər verir.
Eyni zamanda, yaxın günlərdə Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V Qurultayına diqqəti çəkən A.Abasova Ulu Öndərin və onun layiqli siyasi varisi Prezident İlham Əliyevin hər zaman çıxışlarında torpaqlarımızın işğaldan azad edilməsi və doğma Qarabağa qayıdışla bağlı səsləndirdikləri mesajların tarixi Zəfərin qazanılması ilə reallığa çevrildiyini bildirib və bu gün Ümummilli Liderin ruhunun şad olduğuna əminliyini ifadə edib. Dövlətimizin başçısının təşəbbüsü ilə Şuşada Zəfər Qurultayı adı altında belə mötəbər tədbirin keçirilməsinin tarixi əhəmiyyətindən bəhs edən A.Abasova dövlətimizin uğurlu və firavan gələcəyə doğru etibarlı və qətiyyətli şəkildə irəlilədiyini söyləyib.
“Heydər Əliyev: elm və təhsilimizin böyük himayədarı” mövzusunda çıxış edən Milli Məclisin deputatı, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Ümummilli Liderin XX əsrin Azərbaycan xalqına bəxş etdiyi ən böyük tarixi şəxsiyyətlərdən olduğunu qeyd edib və illər keçsə də, onun ölkəmizin tərəqqisi naminə göstərdiyi misilsiz xidmətlərinin heç zaman unudulmayacağını bildirib.
Azərbaycanın inkişaf etdirilməsinin, xalqın tükənməz potensialının üzə çıxarılmasının Heydər Əliyevin ən böyük amallarından olduğunu vurğulayan deputat Ulu Öndərin bütün fəaliyyəti dövründə elm və təhsilin inkişafına verdiyi xüsusi önəmdən, göstərdiyi yüksək diqqət və qayğıdan danışıb. Qeyd edib ki, dahi şəxsiyyət Azərbaycanın tərəqqisinin əsas yolunu gənclərin yüksək təhsil almasında və əhalinin maariflənməsində görürdü. Məhz buna görə də, respublikada iqtisadi bazanın gücləndirilməsinin elm və təhsilin inkişafı ilə paralel həyata keçirildiyini diqqətə çatdıran C.Məmmədov Heydər Əliyevin rəhbərlik illərinin Azərbaycan tarixinə elm və təhsilin tərəqqisi dövrü kimi daxil olduğunu qeyd edib. Ulu Öndərin banisi olduğu milli dövlətçilik strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edən deputat son dövrdə ölkəmizdə insan kapitalının inkişafı istiqamətində həyata keçirilən islahatlar və əldə olunan mühüm nəticələr barədə danışıb.
“Azərbaycanın türk dünyasına qovuşmasında Ulu Öndərin misilsiz xidmətləri” mövzusunda çıxış edən Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elşad Mirbəşir oğlu Ümummilli Liderin böyük uzaqgörənliklə formalaşdırdığı və uğurla reallaşdırdığı xarici siyasət kursundan bəhs edib. Heydər Əliyevin Türk və İslam dünyası ilə münasibətlərə böyük önəm verdiyini diqqətə çatdıran deputat hazırda bu coğrafiyanı əhatə edən ölkələrlə əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə inkişafı sayəsində böyük diplomatik uğurların əldə edildiyini bildirib.
Məhz Ulu Öndərin strateji baxışları sayəsində türk və islam ölkələri ilə əməkdaşlığın inkişafında xüsusi dinamikanın və sıx təmasların müşahidə edilməyə başlandığını deyən E.Mirbəşir oğlu hazırda strateji müttəfiqlik səviyyəsinə yüksələn qardaş Türkiyə ilə əlaqələrin ölkəmizin hərtərəfli inkişafına verdiyi mühüm töhfələrdən danışıb. Vurğulayıb ki, hazırda Ümummilli Liderin bütün istiqamətlərdə konseptual baxışlarını müasir dövrün tələblərinə uyğun zənginləşdirən Prezident İlham Əliyev xarici siyasət kursunu uğurla davam etdirir və bu sahədə möhtəşəm uğurlara imza atır.
“Heydər Əliyev: qlobal siyasət nəhəngi” mövzusunda çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşır Yusibov əbədiyaşar lider Heydər Əliyevin memarı olduğu müstəqil və müasir Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji və iqtisadi əsaslarını yaratmasından bəhs edib. Məhz Heydər Əliyevin dönməz əqidəsi, uzaqgörən və qətiyyətli siyasəti sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdiyini və xalqımızın müstəqillik arzusuna qovuşduğunu deyən C.Yusibov Ulu Öndərin təkcə Azərbaycanın deyil, bütövlükdə müsəlman-türk dünyasının görkəmli öndərlərindən biri kimi qəbul edildiyini vurğulayıb.
Qazanılan tarixi Zəfərin Heydər Əliyev siyasətinin təntənəsi olduğunu vurğulayan şəhər partiya təşkilatının sədri hazırda müasir dövrün reallıqlarına uyğun yeni keyfiyyət müstəvisində Azərbaycan tarixinin şanlı və qürurlu səhifələrinin yazılmaqda davam etdiyini bildirib. Ulu Öndərin zəngin irsinin dərindən öyrənilməsinin və təbliğinin vacibliyindən söz açan C.Yusibov universitetdə tarixi şəxsiyyətə həsr olunan konfransın keçirilməsinin ənənəyə çevrilməsini yüksək dəyərləndirib və təşkilatçılara təşəkkürünü bildirib.
MDU-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan silsiləvi tədbirlər çərçivəsində keçirilən elmi konfrans öz işini mayın 5-də bölmə iclasları ilə davam etdirəcək.
Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin zəngin irsinin araşdırılması və tələbələr arasında təbliği universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.