Elvis Preslinin mahnılarına görə “Claude”un yaradıcısından 41,1 milyon dollar tələb olunur.
İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Elvis Preslinin musiqi kataloqunun hüquq sahibləri “Claude” çat-botunu yaradan ABŞ-nin “Anthropic” şirkətini məhkəməyə veriblər.
İddiaçılar şirkətin süni intellektin təlimi zamanı rok-n-roll kralının 274 mahnısından icazəsiz istifadə etdiyini bildirirlər. Onlar 41,1 milyon dollar təzminat tələb edirlər.
İddia 23 oktyabrda Kaliforniyanın Şimal Dairəsi üzrə federal məhkəməyə təqdim olunub.
Mübahisə predmeti olan əsərlər arasında “Can’t Help Falling in Love”, “Don’t Be Cruel” və “A Little Less Conversation” kimi məşhur mahnılar da var.
Hüquq sahiblərinin iddiasına görə, “Anthropic” mahnı mətnlərini süni intellekt modellərinin təlimi üçün köçürməklə kifayətlənməyib, onları gələcək istifadə üçün də saxlayıb.
İddiaçılar həmçinin “Claude”un müəllif hüquqları ilə qorunan mətnləri təkrar təqdim edə və orijinal əsərlərə həddindən artıq bənzəyən mahnı variantları yarada bildiyini bildirirlər.
Onlar təzminatla yanaşı, müəllif hüquqlarının pozulmasının dayandırılmasını və icazəsiz hazırlanmış nüsxələrin məhv edilməsini də tələb edirlər.
“Anthropic” ittihamları rədd edir və məhkəmədə öz mövqeyini müdafiə edəcəyini bildirir.
Xuraman Etibarlı
İnterpress.az






