Mayın 24-də Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “TEKNOFEST Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalının final mərhələsində universiteti təmsil edəcək komandaların üzvləri ilə görüşüb.
MDU-dan İnterpress.az-a bildirilib ki, görüşdə iki qardaş ölkənin birgə təşkilatçılığı ilə reallaşdırılan “TEKNOFEST Azərbaycan” festivalının final mərhələsində MDU-dan üç komandanın iştirak hüququ qazanmasından böyük məmnunluq və fəxarət hissi keçirdiyini bildirən rektor bu münasibətlə universitet təmsilçilərini təbrik edib.
Belə mötəbər tədbirin bu il Türkiyədən kənarda ilk dəfə olaraq Azərbaycanda keçirilməsini iki ölkə arasında yüksək səviyyədə inkişaf edən qardaşlıq münasibətlərinin təzahürlərindən biri olduğunu vurğulayan Ş.Bayramov festival çərçivəsində yeni texnologiyaların və innovativ həllərin təqdim ediləcəyi müsabiqə və hakatonlarda iştirakını gənclərin karyera inkişafında əlamətdar hadisə kimi dəyərləndirib.
MDU-nun festivalda layiqincə təmsil olunacağına əminliyini bildirən rektor komanda üzvlərinə uğurlar arzulayıb.
Göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə edən görüş iştirakçıları universitet rəhbərliyinin etimadını doğruldacaqlarını söyləyiblər.
Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da qardaş Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”də iştiraka xüsusi önəm verilir. MDU-nu mayın 26-29-da Bakıda baş tutacaq festivalın final mərhələsində Aqrar texnologiyalar müsabiqəsi üzrə “Sevil” və “Aqrinova” komandaları, “Smart Qarabağ” hakatonu üzrə isə “Zəfər” komandası təmsil edəcək. Tələbələrdən ibarət MDU komandalarının təqdim etdikləri layihələr universitetin akademik heyət üzvlərinin mentorluğu ilə hazırlanıb. “Sevil” komandası “Ağıllı müqəvva – əkin tarlalarının uzaqdan qorunması”, “Aqrinova” komandası “İrrinova – süni intellektlə suvarmanın uzaqdan idarə olunması” və “Zəfər” komandası “GarabaghVRTEX – Qarabağdakı tarixi məkanların virtual reallıq ilə gəzinti cihazının dizaynı” layihələrini nümayiş etdirəcək.