Bu gün İnformasiya texnologiyaları sferası bu qədər sürətlə inkişaf etməsəydi, əlbəttə ki, adaptasiya olduğumuz müasir rəqəmsal ekomühitimiz olmazdı. 20-ci əsrin sonlarından bu günə qədər bu sektorda sözün əsl mənasında inqilabi sıçrayış baş verib. Ətrafımıza nəzər salmaqla müasir trendlərin, məsələn, Bulud hesablama texnologiyaları, Mobil android proqramları, Big Data texnologiyaları, Süni intellekt, Ağıllı Texnologiya, Virtual Reallıq (metavers cihazları), Blockchain texnologiyaları, Kibertəhlükəsizlik, IoT texnologiyalarının müxtəlif fəaliyyət sahələrinə tətbiqinin və inkişafının həm müşahidəçiləri, həm istifadəçiləri, həm də yaradıcılarıyıq. Sonuncu ifadəni təsadüfdən qeyd etmədim. Məhz rəqəmsal və avtomatlaşdırılmış texnologiyaların inkişafında bir başa imzasını atmış dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə olmuşdur.
Məlumdur ki, hər evdə fərdi kompüterlər, noutbuklar, smartfonlar, mobil qurğulardan və eyni zamanda planetin istənilən nöqtəsinə böyük həcmdə məlumat ötürmək və kommunikasiya əlaqələri yaratmaq üçün simsiz və simli şəbəkə texnologiyalarından geniş istifadə olunur. Bu istifadəçi auditoriyasının 70 fazini də məhz gənclər təşkil edir. Əminəmki, bu texnologiyaların işləmə prinsipi, funksionallığı gənc istifadəçi auditoriyasının maraq dairəsini əhatə edir. Təsadüfi deyil ki, startap ideyalar, bu günlərdə uğurla reallaşdırılmış Azərbaycan-Türkiyə qardaşlığı çərçivəsində Teknofest festivalı ölkəmizin potensiallı, savadlı, bacarıqlı gənc tədqiqatçılar auditoriyasının olmasından xəbər verir. Bu çox fəxarətli və qürurverici bir hissdir. Bundan başqa son dövrlərin statistik məlumatlarına əsasən həm peşə, həm Ali təhsil müəssisələrində bakalavrlar və ikinci təhsil almaq istəyən vətəndaşların çoxu məhz İT sahələrini əhatə edən ixtisasları seçirlər. Bunun da əsas səbəblərindən biri İT texnologiyalarının tətbiq sahələrinin genişlənməsi və bu sahənin mütəxəssislərinə verilən əmək haqqının yüksək olması ilə bağlıdır.
Son 10 ildə dünya miqyasında iqtisadiyyatın ənənəvi sektorları inkişaf tempinə görə İT sənayesindən xeyli geri qalır. Ona görə də İT inkişaf etmiş ölkələrin maraq dairəsinə səbəb olmuşdur. Ölkəmizdə də bu sahəyə maraq Ulu öndər H.Əliyevin və onun layiqli davamçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatlar və dövlət proqramları, Strateji Yol xəritələrinin tətbiqi nəticəsində “Azərbaycanın qara qızılının insan qızılına çevrilməsi təşəbbüsü”, insan potensialının inkişafı və möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlərin uğurla reallaşdırılması ilə artmışdır. Bu da İT sənayesinin əsas göstəricisinin məhz insan amili olmasından irəli gəlir. E-dövlət, Asan xidmət layihələri və s. bu istiqamətdə həyata keçirilən insan-maşın interfeysinin ən ali səviyyəsini nümayiş etdirir.
İT fəaliyyətinin nəticəsi verilənlər bazası, proqram təminatı və xidmətlər, aparat və daha çox formatda istehlak olunan informasiya məhsulları olub, fəaliyyət sahələri üzrə emal olunan informasiya və bilik ehtiyatlarından səmərəli istifadə etməyə imkan verir. Bu tip texnologiyaların əsas istehsalçıları – ABŞ, Almaniya, Yaponiya, Tayvan və Cənubi Koreya, Hindistan kimi ölkələr ön sırada yer alırlar. Texnologiya bazarında İT məhsullarına tələbi müəyyən edən amillərə aşağıdakıları aid etmək olar: dinamik, daim yenilənən biliklər bazalarının formalaşması; keyfiyyət və qiymət nisbəti; dövlət dəstəyinin olması; standartlaşdırma və sertifikasiya.
Şübhəsiz ki, İT sənayesinin qarşıya qoyduğu əsas məqsədlər qazanc əldə etməklə yanaşı, təbii ki, insana daha rahat həyat şəraitinin yaradılması və həyatının düzənlənməsidir. Əvvəllər real vaxt rejimində uzaq məsafələrlə əlaqə saxlamaq mümkün deyildi, çoxlu sayda elektron naviqasiya, təhlükəsizlik və digər sistemlərlə təchiz olunmuş portativ kompüterlər və avtomobillər yox idi. Yalnız informasiya texnologiyalarının həyatımıza nələr gətirdiyini ciddi düşünəndə bu hadisənin miqyasını və əhəmiyyətini dərk edirsən.Ona görə də Respublikada İT bazarının mövcud durumu və artan templə inkişafı əmək bazarının formalaşmasına kifayət qədər təsir etmək gücünə malikdir və digər sahə mütəxəssisləri üçün də İT-dən istifadə məsələsi artıq zəruri şərtə çevrilmişdir.
İT ekosistemin formalaşdırılması
Pandemiya dövründə İT sahəsinin ön plana çıxması, online və offline dərslərin, online imtahan modelinin yüksək səviyyədə səmərəli təşkili, onlayn alətlərdən istifadəyə diqqətin artırılması və bu sahənin ortaya qoyduğu imkanlar cənab Rektorun diqqətindən yayınmamışdır və bizlərlə görüşlərdə İT sektorunun həm kadr hazırlığına, həm də elmi tədqiqat fəaliyyətininin təkmilləşdirilməsinin və gücləndirilməsinin Ali təhsil məkanında prioritet istiqamətlərdən biri olduğunu xüsusi olaraq qeyd etmişdir.
Cari tədris ili İnformasiya texnologiyaları kafedrası üçün çox məhsuldar və faydalı olmuşdur. Kafedra üzrə təqdim olunan 2 layihə uğur qazamışdır. Beləki, kafedramızda Qazi Universitetinin professoru E.Yılmaz elmi-pedaqoji fəaliyyətə başlamışdır. Bu müddət ərzində professor E.Yılmazın rəhbərliyi ilə Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində “Mingəçevir Dövlət Universitetində Kiber Təhlükəsizliklə bağlı Fənlərin Tədrisinin Təkmilləşdirilməsi” layihəsi qalib olmuşdur. Kafedranın gənc əməkdaşı E.Muradzadə və İqtisadiyyat və idarəetmə fakültəsinin gənc əməkdaşı N.Əzizlinin təmsil etdiyi “Agrinova” komandası Bakı Qida Hakatonunun qalibi olmuş və 5000 avro məbləğində pul mükafatı qazanmışdır. 2022-ci ilin martın 21-dən 27-dək kafedra müdiri Aidə Mustafayeva və baş müəllimi Asudə Abdurrahmanova Orta Doğu Texniki Universitetində (ODTÜ) təlim və təcrübədə iştirak məqsədilə Türkiyədə səfərdə olublar. Səfər Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsində Naxçıvan Universitetinin qalib olduğu “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində təşkil edilib. Səfər çərçivəsində ODTÜ-də “İnsan-maşın interfeysləri” laboratoriyasında, Dizayn fabrikində, Lego laboratoriyasında və Texnoparkda tədqiqatlarla tanış olub, “Kompüter mühəndisliyi” kafedrasında təşkil edilən təlim və seminarlarda iştirak ediblər. Kafedranın bir neçə əməkdaşı “Gələcək üçün bacarıqlar” layihəsində uğurla iştirak edir, təşkil olunan təlimlərdən faydalanırlar. SOCAR və onun Cənubi Qafqaz Boru Kəməri şirkətindəki tərəfdaşları Kibertəhlükəsizlik və Data Analitikası üzrə Azərbaycanda yerli kadr potensialının gücləndirilməsi və onların bacarığının artırılması məqsədilə “IBM Cybersecurity Analyst Professional Certificate” and “Google Data Analytics Professional Certificate” peşəkar inkişaf proqramında, Universitetin ilk beynəlxalq elmi konfransında, Azərbaycan Texniki Universitetinin (AzTU) evsahibliyi, Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti, Süleyman Demirel Universiteti, İsparta Tətbiqi Elmlər Universiteti və Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının birgə təşkilatçılığı ilə “Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat” mövzusunda 4-cü beynəlxalq konfransda, “TEKNOFEST Azərbaycan” festivalında kafedra əməkdaşlarının fəal iştirakı təmin olunmuşdur. Buradan da belə bir nəticəyə gəlmək olar ki, modernləşmə mərhələsində olan MDU-da tədris və elmi fəaliyyətin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsinə, əməkdaşların müvafiq təlimlərdə iştirakının təmin edilməsinə xüsusi önəm verilir.
Son 3 tədris ili ərzində kafedranın nəzdində 2 tədris laboratoriyası fəaliyyətə başlamışdır. İnformasiya texnologiyaları laboratoriyası Universitetin daxili imkanları hesabına yaradılmışdır.
Kibertəhlükəsizlik laboratoriyası isə Təhsil Nazirliyinin qrant müsabiqəsində “Mingəçevir Dövlət
Universitetində Kiber Təhlükəsizliklə bağlı Fənlərin Tədrisinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılmışdır.
İT sahəsində əldə edilən yeniliklər, uğurlar, məhz cənab Rektorun böyük dəstəyi və qayğısı sayəsində baş tutmuşdur. Bu məqsədlə cari tədris ilinin payız semestrində İnformasiya texnologiyaları fakültəsinin yaradılması haqqında müvafiq qərar qəbul olunmuşdur. Fakültədə İnformasiya texnologiyaları ixtisası ilə yanaşı iki yeni İnformasiya təhlükəsizliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə kadr hazırlığı planlaşdırılır. Fakültədə fəaliyyət göstərən əməkdaşların bu istiqamətlər üzrə ixtisaslaşması, qabaqcıl yerli və beynəlxalq təcrübədən istifadə etməklə səriştə və bacarıqların artırılması istiqamətində 5 illik strateji hədəflər və islahatların hazırlanması üzərində gərgin işlər aparılır.
Beləliklə, fikrimi cənab Rektorun ilk gündən səsləndirdiyi bir şüarla yekunlaşdırmaq istərdim: “Elə etməliyik ki, ölkəmizdə İnformasiya Texnologiyaları dedikdə, ilk öncə ağıla Mingəçevir Dövlət Universiteti gəlsin”! Bax bu şüar bizləri sanki yenidən düşünməyə vadar edib. Bir İT mütəxəsisi olaraq Cənab Rektorun çağırışına və qoyduğu tələblərə cavab vermək üçün əlimizdən gələni etməyə hazırıq. Cənab Rektorun cəsarəti və əzmi bizləri cəsarətli, güclü olmağa, eyni zamanda öz fikirlərimizi, ideyalarımızı qorxmadan, çəkinmədən rahat ifadə etməyə və həyata keçirməyə imkan verir. İstedadlı kadrların üzə çıxmasına şərait yaradan, təhsilini, ölkəsini, xalqını hər şeydən artıq sevən bir şəxsiyyətin niyə yanında olmayaq ki? Həmişə Var OLUN! Biz İT ORDUSU olaraq HƏMİŞƏ SİZİN YANINIZDAYIQ!
Aidə Mustafayeva
İnformasiya texnologiyaları kafedrasının müdiri