Ortaq Tarixdən Texnoloji Gələcəyə – Abdullah ERENbackend

Ortaq Tarixdən Texnoloji Gələcəyə – Abdullah EREN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bütün dünya Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətinə digər ölkələr arasında nadir təsadüf edildiyini bilir. Diplomatik qaydaları aşan bu qardaşlığın son nümunəsi özünü Azərbaycanın haqlı davası olan Qarabağ müharibəsində göstərdi. Şairin təbirincə desək, “bir ananın iki oğlu, bir amalın iki qolu ” olan bu iki ölkənin dostluq və qardaşlığına Yurtdışı Türkler ve Akraba Topluluklar(YTB) başqanlığı da mühüm töhfələr verir.
Mədəniyyət, təhsil və diaspora istiqamətində fəaliyyət göstərən YTB 2011-ci ildən başlayaraq gələcəyə dair çoxsaylı layihələrin həyata keçirilməsi ilə fəaliyyətini davam etdirir. Millətimizin ortaq tarixi-mədəni ünsürlərinin xatırlanması və yaşadılması istiqamətində aparılan işlər ölkərimiz arasındakı bu yaxınlığın əsaslarının daha yaxşı dərk edilməsinə şərait yaradır, eyni zamanda nəşr olunan kitablar da bu ünsürləri akademik aləmə çatdırmağa xidmət edir. Mədəniyyət sahəsində mobillik və seminar proqramları, elmi simpoziumlar, anım tədbirləri və nəşr layihələri də bu çərçivədə diqqət çəkən fəaliyyətlərdəndir.
Türkiyənin diaspora qurumu olan və eyni zamanda qardaş cəmiyyətlərlə də əlaqə quran YTB diaspora sahəsində Azərbaycan kimi qardaş ölkələrlə də əməkdaşlıq edir. Beləliklə, ölkələrimiz arasında sıx əlaqələr diasporda yaşayan vətəndaşlarımızı da əhatə edərək daha da genişlənir. Bu sahədə YTB ilə Azərbaycan diaspora qurumu arasında əldə olunan razılaşmalar və əməkdaşlıqlar Türkiyə-Azərbaycanın birliyi və həmrəyliyinə təkcə bizim regionumuzda deyil, dünyanın başqa yerlərində də xidmət göstərir.
Son illərdə ölkəmizin dünya miqyasında təlabat görən ən mühüm layihələrindən olan “Türkiyə Təqaüdləri”ndən ən çox faydalanan ölkələrdən biri də Azərbaycan Respublikasıdır. Dünyanın, demək olar ki, bütün ölkələrindən olan beynəlxalq tələbələrə Türkiyədəki universitetlərdə təqaüdlə bakalavr və magistr təhsili almağa imkan verən Türkiyə Təqaüdləri proqramı qardaş ölkələrdə gənc insan resurslarının inkişafına dəstək olmaqla yanaşı, ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına da kömək edir.
2022-ci ildə Azərbaycandan Türkiyə təqaüdləri üçün 2000-ə yaxın müraciət daxil olmuş və hal- hazırda ölkəmizdə 500-ə yaxın beynəlxalq azərbaycanlı tələbə təhsil alır. Bu çərçivədə bu günə qədər ölkəmizdə təhsil alan azərbaycanlı gənclərin sayı təxminən 6000-dir. Müvafiq orqanlarla əməkdaşlıq əsasında seçilən və Azərbaycanın ehtiyaclarına uyğun fakültələrdə təhsil alan azərbaycanlı tələbələr həm ölkələrinin, həm də Türkiyə-Azərbaycan əlaqələrinin gələcəyi üçün əvəzolunmaz bir fürsətdir.
Ölkəmizdə təhsil alan bu gənclər universiteti bitirdikdən sonra da Türkiyə ilə əlaqələrini davam etdirirlər. Məzunların Can Azərbaycanda qurduqları Türkiyə Məzunları Dərnəyi yeni azərbaycanlı tələbələrə Türkiyə təqaüdlərindən faydalanma imkanı verir, həmçinin ölkələrimiz arasında yeni dostluq qapıları da açır.
Son olaraq, Azərbaycanda keçirilən TEKNOFEST-də Azərbaycanla Türkiyənin irəliyə doğru atdıqları birgə addımlarının konkret nümunəsini görürük. Bundan başqa, Teknofest həm də Azərbaycanın coğrafiyamızın yaşanmış acılarla deyil, bəşəriyyəti formalaşdıran elmi və texnoloji inkişaflarla anılmasına təşəbbüs göstərir.
Texnologiya festivalı olan TEKNOFEST ilə gənclərimizin qarşısında dərin zəkalarını ortaya qoya biləcəkləri yeni bir üfüq açılır. YTB olaraq gələcəyin dünəndən daha parlaq olacağına ümid verən bu festivalın bir parçası olmaqdan qürur duyuruq.
Texnologiyanı özlərinə hobbi və eşq kimi qəbul etmiş Türkiyə və Azərbaycan gəncləri üçün başlarının üstündə səmadan başqa sərhəd olmadığını göstərən TEKNOFEST-ə əməyi keçənləri səmimi qəlbdən təbrik edirəm.

Abdullah EREN
Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanı