Parlamentin komitəsi ilə Təhsil Nazirliyi yeni layihəyə başladı – FOTObackend

Parlamentin komitəsi ilə Təhsil Nazirliyi yeni layihəyə başladı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentin Gənclər və idman komitəsi Təhsil Nazirliyi ilə birgə “Vətənpərvər məktəblilər” layihəsinə start verib.

Bu barədə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev məlumat verib.

Onun sözlərinə görə, pilot layihəyə ilk olaraq Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində müvəqqəti yerləşən və məcburi köçkün məktəbi olan Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbindən başlanılıb.

Layihə çərçivəsində Gənclər və idman komitəsi “Elmi araşdırmalar ictimai birliyi” ilə birlikdə Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbində təhsil alan 210 nəfərdən artıq məktəbliyə üzərində Azərbaycanın dövlət bayrağı həkk olunmuş, işğal edilmiş rayonumuzun adı yazılmış yay və qış geyim forması, vətənpərvərlik rəmzləri təqdim edilib.

Cəbrayıl rayonu, Hovuslu kənd tam orta məktəbində təhsil alan şagirdlərə  müəyyən edilmiş dərs vaxtlarına riayət etməklə, vətənpərvərliklə bağlı zəruri  biliklərin, o cümlədən hər bir azərbaycanlının yüksək vətənpərvərlik duyğuları ilə yaşamaq, Vətənin hər birimizin müqəddəs səcdəgahı, pənah yeri olaraq ona ilahi bir sevgi ilə bağlanmaq kimi fikirlərin aşılanması nəzərdə tutulub.

“Layihə çərçivəsində təhsilalanlarla tez-tez görüşlərin keçirilməsi, onların vətənpərvər ruhda tərbiyə edilməsi ilə yanaşı, informasiya resurslarından səmərəli istifadə edilməsi, mütəmadi olaraq ölkəmizin ziyalıları ilə görüşlərin təşkili, şagirdlərin oxumağa və xarici dil biliklərinin artırılmasına təşviq edilməsi nəzərdə tutulur”, – deyə A.Əliyev əlavə edib.