Prezidentin Türkiyə səfəri: “Ankaranın prosesləri yaxından izlədiyini göstərir” – AÇIQLAMAbackend

Prezidentin Türkiyə səfəri: “Ankaranın prosesləri yaxından izlədiyini göstərir” – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Prezident Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə işgüzar səfəri baş tutub. Ölkə başçısının qardaş ölkəyə səfəri V İslam Həmrəyliyi Oyunları çərçivəsində baş tutsa da, həm də keçirdiyi görüşlərlə diqqət çəkib. Səfər çəçivəsində Prezident İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında təkbətək görüş keçirilib. Görüşlə bağlı informasiya az olsa da, tərəflərin əsas müzakirə mövzusunun Ermənistanın Qarabağda törətdiyi son təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun həyata keçirdiyi “Qisas” əməliyyatının olduğu məlumdur. Təsadüfi deyil ki, Rəcəb Tayyib Ərdoğan Qarabağdakı son hadisələrlə əlaqədar bir daha Türkiyənin dəstəyini ifadə edib və şəhidlərlə bağlı başsağlığı verib.

Bu görüşlə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, “Qisas” əməliyyatından qısa müddət sonra Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyevi Türkiyəyə dəvət etməsi faktiki olaraq rəsmi Ankaranın prosesləri yaxından izlədiyini göstərir:

“Bu mənada ölkə başçılarının görüşdə son hadisələr ətrafında müzakirə aparmaları və ortaq strateji addımları müzakirə etdiklərini demək olar. Dövlət başçıları arasında həmçinin Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün aparılan danışıqlardakı son durum müzakirə edilib. Əslində son zamanlar cəbhə xəttində artan erməni təxribatları Türkiyə-Ermənistan münasibətlərinə təsirsiz ötüşməyəcək.

Rəsmi Ankara dəfərlərlə elan edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması rəsmi İrəvanın atacağı konstruktiv addımlardan və ən əsası, Azərbaycanın mövqeyindən asılı olacaq. Yəni Ermənistanın gərginliyi artırması, destruktiv addımlar atması öz növbəsində Ermənistan-Türkiyə münasibətlərini hazırkı səviyyədə saxlayacaq. Ölkə başçılarının görüşündə digər diqqətçəkən məqam isə Ərdoğan və Əliyevin əl-ələ, gülərək söhbət etmələri idi. Bunu həm də Azərbaycan Ordusunun son antiterror əməliyyatına Türkiyənin tam və birmənalı dəstəyinin görüntüsü və dünyaya mesaj kimi qiymətləndirmək olar”.