“Proseslər sülh müqaviləsinin imzalanmasına doğru gedir” – Şərhbackend

“Proseslər sülh müqaviləsinin imzalanmasına doğru gedir” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

” Avropa İttifaqı minalardan təmizləmə işinə dəstək olmaq niyyətindədir”.

İnterpress.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında keçirilən görüş barədə yaydığı rəsmi bəyanatı dəyərləndirən deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında əhatəli sülh müqaviləsinin bağlanmasını dəstəkləyir və marağını ifadə edir:

“Brüssel ötən il noyabrın 9-da bağlanmış üçtərəfli razılaşmada nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsinin tərəfdarıdır. Avropa İttifaqı iki ölkə arasında birbaşa müzakirələrin təşkilində maraqlıdır və Müdafiə Nazirlərinin qarşılıqlı fikir mübadiləsinin təşkilini əlaqələndirmək niyyətindədir. Həmçinin bəyanatda Ermənistan tərəfindən mina xəritələrinin tam təqdim olunması və itkin düşənlər ilə bağlı məsələlər də xüsusi qeyd olunur. Avropa İttifaqı həmçinin minalardan təmizləmə işinə dəstək olmaq niyyətindədir. İki ölkə arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətindəki səylər Brüssel tərəfindən dəstəklənir və ittifaq bu məsələdə aktiv olmaq niyyətindədir. Bundan başqa, Avropa İttifaqı ölkələrin suverenliyi gözlənilmək şərti ilə regionda kommunikasiyaların yenidən bərpasını dəstəkləyir”.

Vüqar Bayramov vurğulayıb ki, Avropa İttifaqı sülh müqaviləsinin imzalanması və bütövlükdə regionda dayanıqlı stabilliyinin formalaşmasında yaxından iştirak etmək niyyətindədir:

“Son bəyanat  və eləcə də iki tərəfli görüşdə müzakirə olunan məsələlər bir daha təsdiq edir ki, regionda kommunikasiyaların yenidən bərpası sadəcə zaman məsələsidir. Zəngəzur Dəhlizinin məhz dəhliz statusu ilə bərpası məsələsində Azərbaycanın mövqeyi daha da güclənməkdədir. Regionda olan bütün dəhlizlərə bir yanaşma olmalıdır və olacaq. Son proseslər göstərir ki, daha yaxın zamanlarda Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında birbaşa quru nəqliyyat əlaqəsinin reallaşması mümkün olacaq”.

Gülşən