Rusiya iki dəfə NATO-ya üzv olmaq istədi, amma rədd cavabı alıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Valdayda çıxışı zamanı bildirib.
O, ölkəsinin müxtəlif vaxtlarda NATO-ya üzv olmağa hazır olduğunu bəyan etdiyini, lakin hər iki halda alyans tərəfindən rədd edildiyini xatırladıb.
Putinin sözlərinə görə, Moskva Qərblə münasibətlərdə qarşıdurma deyil, əməkdaşlıq və təhlükəsizlik üzrə ortaq platforma yaratmaq niyyətində olub.
“Bizim məqsədimiz Avropada sabitliyi möhkəmləndirmək idi, lakin NATO heç vaxt Rusiyanın üzvlüyünü qəbul etmədi”, – o vurğulayıb.
Kreml rəhbəri əlavə edib ki, alyansın bu addımı əslində Rusiyanı təcrid etmək və hərbi-siyasi balansda onun rolunu azaltmaq niyyətindən irəli gəlirdi.
Putin hesab edir ki, NATO-nun genişlənməsi və dialoqa qapalı davranışı nəticədə bugünkü gərgin münasibətlərin formalaşmasına gətirib çıxarıb.
Xuraman Etibarlı
İnterpress.az