“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” panel müzakirəsi təşkil edilib – FOTOLARbackend

“Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” panel müzakirəsi təşkil edilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

6 mart tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı və “Div Academy”nin tərəfdaşlığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadınlar üçün karyera inkişafı və rəqəmsal bacarıqlar” mövzusunda panel müzakirəsi baş tutub. Tədbir gənc xanımların peşəkar inkişafına dəstək olmaq, onların rəqəmsal bacarıqlarını artırmaq və innovasiya ekosistemində iştiraklarını genişləndirmək məqsədi daşıyıb.

100-ə yaxın gənc xanımın iştirak etdiyi tədbirdə ilk olaraq, rəsmilər çıxış ediblər. Azərbaycan Milli Məclisinin VI çağırış deputatı Səbinə Xasayeva qadınların iş dünyasında daha aktiv iştirak etmələrinin vacibliyini vurğulayaraq, dövlətin bu sahədə həyata keçirdiyi təşəbbüslərdən danışıb. Azərbaycan Respublikasının Gənclər Fondunun İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Pərvanə Cəlallı qadınların rəqəmsal bacarıqlarının artırılmasının əhəmiyyətindən bəhs edib. Gənclərin İnkişaf və Karyera Mərkəzinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Könül Abdulrəşidova isə qadınların karyera inkişafında müxtəlif resurslardan istifadə edərək özlərini inkişaf etdirmə imkanlarını vurğulayıb.

Daha sonra panel müzakirəsi öz işinə başlayıb. Sessiyaya Gənclərin İnkişaf və Karyera Mərkəzinin Layihələrin və proqramların idarəedilməsi şöbəsinin baş mütəxəssisi Jalə Həsənova moderatorluq edib. Spikerlər – “Div Academy”nin CEO-su Aygün Mirzəliyeva “Rəqəmsal transformasiya: Qadınların yeni bacarıqlara yiyələnməsi və karyera fürsətləri”, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi”nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elvira Rüstəmova “İnnovasiya və startap ekosistemində qadınların fəallığı”, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdirinin müavini Ülviyyə Axundova “Gənc qadınların karyera inkişafında dövlət dəstəyi və imkanlar”, “Insun” Yaşam Mərkəzinin təsisçisi Nigar Ələsgərova isə “Qadın liderliyi və iş-biznes balansı: Uğur hekayələri” mövzusunda çıxış edərək, fikirlərini bölüşüblər. Sonda interaktiv sual-cavab sessiyası keçirilib, gənclər onları maraqlandıran sualları spikerlərə ünvanlayıb və ətraflı cavablar alıblar.

Panel müzakirəsi zamanı qadınların peşəkar inkişafı üçün rəqəmsal bacarıqların artırılmasının vacibliyi, dövlət və özəl sektorun dəstəyi ilə onların innovasiya və startap ekosistemində daha fəal iştirak imkanlarının genişləndirilməsi və mentorluq proqramlarının gənc qadınların inkişafında oynadığı mühüm rol xüsusilə vurğulanıb.

Tədbir xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.