Rusiya ilk dəfə Kiyevdə ABŞ-ın PUA istehsalı zavodunu hədəf alıb.
İnterpress.аz xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə təşkil etdiyi son hücumlardan biri zamanı ilk dəfə olaraq ABŞ-nin pilotsuz uçuş aparatları (PUA) istehsal edən zavodunu vurub.
Hücum nəticəsində ABŞ-nin “Terminal Autonomy” şirkətinə məxsus və Kiyevdə yerləşən istehsalat müəssisəsi zərbəyə məruz qalıb.
Həmin müəssisədə Ukrayna ordusu üçün “AQ-400 Scythe” və “AQ-100 Bayonet” zərbə PUA-ları istehsal olunurdu.
Sözügedən pilotsuz aparatlar xüsusi süni intellektlə idarəetmə və hədəf təyini sisteminə malikdir.
Hətta əlaqə tamam itdikdə və ya Rusiya ordusunun radioelektron mübarizə (REM) vasitələrinin güclü təsirinə məruz qaldıqda belə, bu PUA-lar sərbəst şəkildə uçuşu davam etdirərək hədəfi müstəqil surətdə məhv edə bilir.
Məlumata görə, hücum nəticəsində ölən və ya yaralanan qeydə alınmayıb.
Nəşr qeyd edir ki, bu, Rusiya Federasiyasının Ukrayna ərazisində fəaliyyət göstərən ABŞ hərbi-sənaye şirkətinə məxsus rəsmi müəssisəyə hücum etməsinin məlum olan ilk hadisəsidir.
Xuraman Etibarlı
İnterpress.аz






