“Dünyanı nüvə terroru ilə təhdid edən Rusiya diktatoru məsuliyyətə cəlb olunmalıdır”.
Bu sözləri dünyanı nüvə terroru ilə təhdid edən Rusiyanın aqibətinə münasibət bildirən politoloq Xəqani Cəfərli İnterpress.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, Rusiya terrorçu dövlətdir və onun yürütdüyü siyasətin qarşısı alınmalıdır:
“Putini xilas etmək, Rusiyanın işğalçılıq siyasətini legitimləşdirmək cəhdi sülhpərvərlik, insanpərvərlik kimi təqdim olunmamalıdır. Çünki Rusiyanın işğalçılığını legitimləşdirmək istəyənlər insanpərvər ola bilməzlər. Putin isə sonunun yaxınlaşdığını hiss edir. Buna görə də bəşəriyyəti nüvə terroru ilə təhdid edir. Məqsədi isə döyüş meydanında məğlub edə bilmədiyi Ukraynanın təslim olmağa vadar edilməsinə nail olmaqdır.
Əgər Putin qırmızı xətti keçsə və cəzasız qalsa, bu, Kim Çen İni də atom bombası olmayan qonşu dövlətlərə qarşı nüvə müharibəsinə şirnikdirəcək. Unutmaq olmaz ki, Şimali Koreya ilə Cənubi Koreya arasında sülh müqaviləsi bu günə kimi imzalanmayıb. Buna görə də dünyanı nüvə terroru ilə təhdid edən Rusiya diktatoru məsuliyyətə cəlb olunmalıdır. Ukrayna prezidenti Vladimir Zelenskinin dediyi kimi, terrorçu məğlub edilməli və məsuliyyətə cəlb edilməlidir”.