Səhiyyə Nazirliyinin rəsmisi: “Kifayət qədər insan hələ də virusa qarşı həssasdır”backend

Səhiyyə Nazirliyinin rəsmisi: “Kifayət qədər insan hələ də virusa qarşı həssasdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Azərbaycanda pandemiya ilə əlaqəli növbəti alovlanma sönməyə doğru gedir. Yeni yoluxma hallarının və aktiv xəstələrin sayında azalma müşahidə olunur. Təbii ki, bu saylar bizi arxayın salmamalıdır”.

Bunu “Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O, əhalini qoyulan qaydalara ciddi əməl etməyə çağırıb:

“Tibbi maska taxılmalı, gigiyenik qaydalara əməl edilməli və sosial məsafə gözlənilməlidir. Çünki narahatlıq üçün əsas var. Son zamanlar xeyli yumşalmalara gedilib. Bu da özlüyündə insanlar arasında təmasın artmasına xidmət edir. Bundan başqa, havaların soyuması səbəbindən insanların qapalı məkanlara toplaşması da yoluxmanın çoxalmasına səbəb yaradıb. Belə olan halda fərdi qorunma vasitələrindən istifadə etmək və vaksinasiyadan keçməklə yoluxmanın artımının qarşısını almaq mümkündür”.

Mütəxəssis-ekspert həmçinin ölkədə vaksinasiya prosesinin müsbət yöndə davam etdiyinə də diqqət çəkib:

“Azərbaycanda təxminən 4 milyona yaxın insan iki doza vaksin vurduraraq müəyyən immunitet qazanıb. Bu hələ də bizim qoyduğumuz hədəfə çatmaq demək deyil. Kifayət qədər insan hələ də virusa qarşı həssasdır. Odur ki, peyvənd olunanlar belə qoyulan qaydalara ciddi əməl etməlidirlər. Əhali eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi müxtəlif təlimatlara uyğun davranmalıdır. Burada vətəndaş məsuliyyətinin böyük əhəmiyyəti var. Təbii ki, bu işə ciddi nəzarət olmalıdır. Yalnız belə halda bu gün əldə edilən nəticə davamlı ola bilər”.

Qeyd edək ki, bu günə qədər ölkədə 485 987 nəfər virusa yoluxub. Onlardan 464 611 nəfəri artıq sağalıb. Hazırda aktiv xəstələrin sayı 14 803 nəfər təşkil edir. Ümumilikdə 6 573 nəfər COVID-19 səbəbindən vəfat edib.

Son günlər ölkədə koronavirusa gündəlik yoluxma sayında azalma müşahidə olunur.