Slovakiya ilə əməkdaşlıq: Azərbaycanın Mərkəzi Avropaya açılan qapısı – Tənzilə Rüstəmxanlı yazırbackend

Slovakiya ilə əməkdaşlıq: Azərbaycanın Mərkəzi Avropaya açılan qapısı – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Mərkəzi Avropa ölkələri ilə münasibətləri son illərdə strateji əməkdaşlıq səviyyəsinə yüksəlir. Ölkənin xarici siyasətində müstəqillik və regional stabilliyi gücləndirməyə yönəlmiş addımlar Slovakiya ilə əlaqələrin inkişafına da öz təsirini göstərir. Enerji təhlükəsizliyi, müdafiə sənayesi və nəqliyyat dəhlizləri üzrə əməkdaşlığın genişləndirilməsi həm ikitərəfli münasibətlərin siyasi çəkisini artırır, həm də regionda sülh və inkişaf perspektivlərini gücləndirir.

media-whatsapp-image-2025-11-25-at-14-11-55

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfərini də iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addım kimi qiymətləndiririk. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə hədəflənib.

Prezident İlham Əliyevin Bratislavada mətbuata verdiyi bəyanatında xüsusi vurğuladığı enerji əməkdaşlığı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində nə qədər mühüm rol oynadığını bir daha ortaya qoyur.

Ölkəmizin qaz ixracının 25 milyard kubmetrə çatması, bunun yarısının Avropa ölkələrinə yönəlməsi, Slovakiyaya qaz tədarükünün başlaması və ümumilikdə 8 Avropa İttifaqı ölkəsinin Azərbaycan qazı ilə təmin olunması Azərbaycanın etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da gücləndirir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi baxımdan böyük strateji üstünlükdür və Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi möhkəmlənməsinə xidmət edir.

Müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları da qarşıdakı illərin perspektiv xəttini müəyyən edir. Azərbaycan və Slovakiya arasındakı müdafiə sənayesi əməkdaşlığı artıq 20 ildən çox tarixə malikdir. Bu gün isə əsas prioritet birgə istehsal modelidir. Slovakiyanın NATO standartlarına uyğun istehsal potensialı Azərbaycanın hərbi modernizasiya proqramı ilə üst-üstə düşdüyündən bu sahə hər iki ölkə üçün geniş perspektivlər açır.

İndiki dövrdı Azərbaycan bu əməkdaşlığı hərbi məqsədlər üçün deyil, sənaye və texnoloji inkişaf baxımından qiymətləndirir. Slovakiya texnologiyalarının Azərbaycan maliyyə imkanları ilə sintezi rəqabətədavamlı məhsulların istehsalına, bu məhsulların dünya bazarlarına çıxışına şərait yarada bilər.

Prezident İlham Əliyev müharibələrin Azərbaycanın geridə qoyduğu bir mərhələ olduğunu vurğulayaraq, bu əməkdaşlığın mahiyyətinin sırf iqtisadi və texnoloji inkişaf olduğunu xüsusi qeyd etdi.

Ümumilikdə, Prezident cənab İlham Əliyevin Slovakiyada səsləndirdiyi tezislər iki ölkə arasında münasibətlərin təkcə mövcud səviyyəsini deyil, həm də yaxın illərdə açılacaq yeni strateji istiqamətləri müəyyən edir. Enerji, nəqliyyat, müdafiə sənayesi, yüksək texnologiyalar və sənaye kooperasiyası kimi sahələrdə əməkdaşlıq Azərbaycan–Slovakiya tərəfdaşlığını Avratlantik və Avrasiya məkanında dayanıqlı, çoxölçülü və strateji əhəmiyyətli modelə çevirir.

Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir.

Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividentlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.