Starship (Ulduz gəmisi) sınaq uçuşunun başlamasından bir neçə dəqiqə sonra partlayıb. ABŞ-nin dörd hava limanında uğursuz buraxılış bütün uçuşların ləğv edilməsinə səbəb olub.
İnterpress.az xəbər verir ki, 212 metr uzunluğundakı Starship sistemi ET 18:30-da Texas ştatının Brownsville yaxınlığındakı SpaceX Starbase-dən buraxılıb.
Bu, səkkizinci sınaq uçuşu idi. Lakin cəmi 8 dəqiqədən sonra gəminin yuxarı pilləsi hələ də sürətlənərkən bir neçə mühərrik dayandı.
Canlı görüntülərdə gəminin fırlandığı və daha sonra mühəndislərin onunla əlaqə kəsildiyi görünür.
Bu arada Florida hava limanlarına, o cümlədən Hollivud və Mayami Beynəlxalq Hava Limanlarına “kosmik zibil” səbəbindən bütün təyyarələri yerə endirmək və planlaşdırılmış uçuşları ləğv etmək əmri verilib.
İlon Maskın şirkəti bildirib ki, bugünkü uçuş Starship-in etibarlılığını artırmaq üçün əlavə dərs verəcək.
Oxşar vəziyyət yanvarın 17-də Starship-in sınaq uçuşu zamanı baş verib. Gəmi havaya qalxdıqdan az sonra partlayıb və o zaman Karib dənizi üzərində uçan sərnişin təyyarələri onun qalıqlarından yayınmalı olublar.
Xuraman Etibarlı
İnterpress.az