590 min insan Trampın qızıl telefonuna görə təxminən 60 milyon dollar (təxminən 102 milyon manat) ödədi, lakin telefonu alan olmayıb.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Təxminən bir il əvvəl ABŞ Prezidenti “qızıl telefon” buraxılışını elan etmişdi. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, sifarişçilərə hələ bir dənə də olsun telefon göndərilməyib.
Üstəlik, telefonun satışa çıxarılacağı tarix də şirkətin rəsmi saytından silinib.
Layihədən yararlanan 590 min insan ümumilikdə 60 milyon dollara (təxminən 102 milyon manat) yaxın vəsait ödəyib.
“Trump Mobile”-ın yenilənmiş şərtlərində isə indi qeyd olunur ki, ödənilən depozit telefonun istehsal olunacağına və ya çatdırılacağına heç bir təminat vermir.
Sifarişçilər ödədikləri pulların geri qaytarılması üçün hüquqi müstəvidə mübarizə aparmağa hazırlaşırlar.

Xuraman Etibarlı
İnterpress.az






