Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə birliyinin qurduğu yeni regional NİZAM – Tənzilə Rüstəmxanlı yazırbackend

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə birliyinin qurduğu yeni regional NİZAM – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2021-ci il iyunun 15-i Azərbaycan tarixində əlamətdar gün kimi qalacaq. Şuşa Bəyannaməsinin məhz Azərbaycan xalqının Qurtuluş günü – 15 iyun tarixinə və Qarabağ, Zəngəzur üçün çox vacib sayılan Qars müqaviləsinin 100-cü ildönümünə təsadüf etməsinin xüsusi rəmzi mənası var.

image-2

100 il bundan əvvəl baş tutan proseslərə oxşar hallar indi də təkrarlanmaqdadır. Sadəcə bir fərq ilə. Əgər o zaman hadisələrin nəticəsi Ermənistanın və onun havadarlarının xeyrinə başa çatmışdısa, bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq Azərbaycan dövlətinin və xalqının birbaşa qalibiyyəti deməkdir. Ölkəmizin başçısının apardığı uzaqgörən siyasət nəticəsində xalqımız düz 100 il sonra tarixi ədaləti bərpa etdi. Bəyannamədə 1921-ci il Qars müqaviləsinə istinad edilərək göstərilir ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi beynəlxalq hüquqa söykənən və 100 il bundan öncə imzalanan tarixi Qars müqaviləsinə əsaslanır. Yəni Türkiyə və Azərbaycan münasibətlərini müasir dövlətlər üçün vacib olan tarixi-hüquqi təməl üzərində müstəqil dövlətlər olaraq qururlar.

Sənəddə həmçinin deyilir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər.

Onu da qeyd etmək lazımdır ki, Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq. Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırır. Bəyannamənin icrası keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında isə Ulu Öndər Heydər Əliyev demişdir ki, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.

Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional nizamın başlanğıcı deməkdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın rəhbərliyi altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır.

Beləliklə, Azərbaycan və Türkiyə 15 iyun 2021-ci ildə tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək Bəyannaməyə imza atdı. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesajdır.