Tokayev Putinə şikayətləndibackend

Tokayev Putinə şikayətləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF-2022) plenar iclasında bəzi rusiyalı deputatların, jurnalistlərin və mədəniyyət xadimlərinin Qazaxıstana qarşı yanlış bəyanatlarından şikayətlənib.

İnterpress.az xəbər verir ki, Tokayev həmin şəxslərin məqsədinin ona aydın olmadığını vurğulayıb:

“Bəlkə də yeri deyil, amma mən bu tribunadan istifadə edərək, bir sıra rusiyalı deputatların bəyanatlarından  şikayətlərimi bildirmək istərdim. Jurnalistlərin, hətta mədəniyyət xadimlərinin Qazaxıstanla bağlı tamamilə yanlış, qeyri-dəqiq açıqlamaları olur. Mən Vladimir Vladimiroviçə (Putin-red.) minnətdaram ki, o, bu gün Kremlin ali rəhbərliyinin mənim ölkəmlə bağlı mövqeyini hərtərəfli qeyd etdi.

Doğrudan da, bizim bu və ya digər şəkildə şişirdilə, xalqlarımız arasında nifaq sala və bununla da Rusiya Federasiyasının özünə ziyan vura biləcək heç bir məsələmiz yoxdur. Bu ifadələr mənə heç aydın deyil. Necə deyərlər, bu fiqurlar kimin dəyirmanına su tökür, kimlər bəzən Qazaxıstan rəhbərliyinin qərarlarını və ya ölkəmizdə baş verən hadisələri qəribə şəkildə şərh edir?”, – Kasım-Jomart Tokayev bildirib.
Vladimir Putin Tokayevin bəyanatı ilə razılaşaraq, bunun mühüm məsələ olduğunu vurğulayıb.
“İş səviyyəsində hər zaman istənilən problemin həllini tapa bilərsiniz, əgər iradə varsa. Bizim Qazaxıstanla belə bir iradəmiz var. Ona görə də mən bunun aydın olmasını istəyirəm. Qazaxıstan isə birbaşa və geniş mənada bizim müttəfiqimizdir”, – Putin bildirib.
Sessiyanın moderatoru Marqarita Simonyan da Kasım-Jomart Tokayevə “rəsmi tədbirlərdə heyrətamiz və nadir açıqlığına” görə təşəkkür edib.
“Məncə, haqqında danışdığınız deputatlar, mədəniyyət xadimləri də sizin mövqeyinizi eşitdilər, yəqin ki, hamımız həqiqətən də başa düşməliyik ki, indi dava-dalaş edib bizi əsəbləşdirənlərin dəyirmanına su tökmək vaxtı deyil”.

Qeyd edək ki, Tokayev Sankt-Peterburq forumunda Ukraynanın şərqindəki qondarma respublikaları kvazidövlətlər adlandırıb.

Qazaxıstan prezidenti elə Putinin yanında bəyan edib ki, “Donetsk və Luqansk xalq respublikaları”nı,  Abxaziya, Cənubi Osetiya, Tayvan və Kosovanı tanımayacaqlar.