ABŞ-də prezident Donald Trampa qarşı sui-qəsddə ittiham olunan Rayan Rut məhkəmə zalında intihara cəhd edib.
İnterpress.az xəbər verir ki, Florida ştatının Fort-Pirs şəhərində keçirilən prosesdə münsiflər heyəti 59 yaşlı Rutun günahkar olduğuna qərar verdikdən dərhal sonra o, əlinə keçirdiyi karandaşı boynuna sancmağa çalışıb.
Məhkəmə mühafizəçiləri vaxtında müdaxilə edərək onun özünə ciddi zərər vurmasına imkan verməyiblər.
Hadisə zamanı zalda olan qızı atasına səslənərək: “Ata, mən səni sevirəm. Heç nə eləmə. Mən səni buradan çıxaracağam. O, heç kimə zərər verməyib”, – deyə qışqırıb.
Bir neçə dəqiqə sonra Rut qandallarla yenidən zalda peyda olub. Onun geyimində qan izləri görünməyib.
Xatırladaq ki, Rayan Rut 2024-cü ilin sentyabrında Trampın Floridadakı qolf sahəsində silahla gizlənərkən yaxalanmışdı. Xüsusi xidmət orqanları ona atəş açsa da, o qaça bilmiş, daha sonra saxlanılmışdı.
Məhkəmə prosesində Rut özünü müdafiə edib, təqsirini inkar edərək “məni mühakimə edə bilməzsiniz, çünki mən tətik çəkməmişəm” deyib. Buna baxmayaraq, məhkəmə onu günahkar bilib.
Ruta hökmün müddəti dekabr ayında açıqlanacaq. Ona ömürlük həbs cəzası verilə bilər.
Xuraman Etibarlı
İnterpress.az