Türkiyə İraqla Kərkük-Ceyhan neft kəməri müqaviləsini ləğv edib.
İnterpress.az xəbər verir ki, Ankara İraqla 1970-ci illərdən istismarda olan Kərkük-Ceyhan neft kəmərinin birgə istismarı ilə bağlı 50 illik müqaviləyə xitam verdiyini açıqlayıb.
Türkiyə hökumətinin rəsmi qəzeti olan “Resmi Gazete”də dərc olunan qərara əsasən, müqavilənin müddəti 2026-cı ilin iyulunda başa çatacaq.
Qərar enerji bazarları üçün sürpriz olub. Bununla belə, Middle East Eye-in məlumatına görə, Türkiyə geosiyasi və iqtisadi mühitdəki dəyişiklikləri nəzərə alaraq Bağdadla əməkdaşlıq şərtlərinə yenidən baxmağa çalışır.
Ankara həmçinin infrastrukturun öz hissəsinə daha çox nəzarəti ələ götürmək və 2023-cü ildə bir milyard barelə yaxın ehtiyatların aşkar edildiyi Qabar bölgəsində yeni neft yatağını ona inteqrasiya etmək istəyir.
Beynəlxalq arbitraj məhkəməsinin Türkiyəni icazəsiz neft ixracına görə İraqa 1,5 milyard dollar ödəməyə qərar verməsindən sonra Kərkük-Ceyhan neft kəməri 2023-cü ildən bağlı qalıb.
Yeni saziş, Ankaranın planlarına görə, hər iki tərəfin maraqlarını nəzərə almalı və təkcə neft tədarükü deyil, həm də qaz, neft-kimya və elektrik enerjisi sahələrində əməkdaşlığı əhatə etməlidir.
Mümkün inkişaf istiqamətlərinə İraqın cənubundan, xüsusən də Bəsrədən İraq Kürdüstanından yan keçməklə yeni boru kəmərlərinin çəkilməsi daxildir. Bu, Türkiyənin ölkəni regional enerji mərkəzinə çevirmək üzrə daha geniş təşəbbüsünün bir hissəsidir.
Türkiyənin energetika naziri Bayraktar daha əvvəl demişdi ki, İraqla yeni tədarük marşrutları ilə bağlı prinsipial razılıq əldə olunub və yaxın aylarda enerji sahəsində əməkdaşlıq haqqında çərçivə sazişi imzalana bilər.
Xuraman Etibarlı
İnterpress.az