Türkiyə-Suriya gərginliyi artan tempdə: “Əsədin Türkiyə qarşısında şansı yoxdur”backend

Türkiyə-Suriya gərginliyi artan tempdə: “Əsədin Türkiyə qarşısında şansı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əsəd Türkiyəni qarşısına alsa, bu, onun hakimiyyətinin sonu deməkdir”.

Bu sözləri Türkiyə ilə Suriya arasındakı gərginliyə toxunan politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, indiki məqamda Əsəd rejiminə bağlı qüvvələrin kürd terrorçular ilə birlikdə Türkiyə sərhədinə yaxın əraziyə əlavə qoşun yeritməsi təsadüfi deyil:

“Diqqətçəkən ən vacib məqam bu prosesin məhz Astana üçlüyünün Tehran sammiti sonrası baş verməsidir. Bundan öncə isə İraqın şimalında yerləşən Zaho rayonunda 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücum sonrası İraqda Türkiyə əleyhinə etirazların başlaması paytaxt Bağdadda Türkiyə Mədəniyyət mərkəzindəki türk bayrağını endirilməsi kimi hadisələrdə diqqət çəkmişdi. Hər iki proses ondan xəbər veri ki, Tehran sammitində Türkiyə, Rusiya və İran liderləri konkret razılığa gələ bilməyib. Aydın məsələdir ki, rəsmi Tehran Ankaranın bir müddətdir anonsunu verdiyi Suriyanın şimalında başladacağı yeni antiterror əməliyyatlarından narazıdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı ali dini lider Seyid Əli Xamenei ilə görüşdə də bu hiss olundu. Belə ki, İran ali dini lideri Xamenei görüş zamanı Türkiyənin mümkün əməliyyatlarına işarə edərək “Suriyanın şimalında hər hansı hərbi addım Türkiyənin də, Suriyanın da zərərinə olacaq” dedi.

Onun bu sözləri sonrası əvvəl İraqda Zaho insidenti və antitürkiyə aksiyalarının keçirildi indi isə İranın da dəstəklədiyi Əsədin Türkiyə sərhədinə hərbi qüvvələr cəmləyir. Hər iki hadisə proseslərin pərdə arxasında İranın olduğunu göstərir”.

İranın Əsəd kartını oynayaraq Ankaranı ehtimal antiterror əməliyyatlarından çəkindirməyə çalışdığını bildirən politoloqa görə, bu, antiterror əməliyyatları başlasa, Türkiyənin qarşısında terroristlərin deyil, Suriya ordusunun olacağı mesajını vermək xarakteri daşıyır:

“Türkiyə Suriyanın şimalında antiterror əməliyyatı keçirməkdə qərarlıdır. Hətta Prezident Rəcəb Tayyib Ərdoğan Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətində olduqlarını deyib. Yəni Ankaranın indiki mənada geri addım atacağı inandırıcı deyil. Bununla belə Türkiyənin Əsəd qüvvələri ilə toqquşmaya girməsi də inandırıcı deyil. Məsələ ondadır ki, rəsmi Ankaranın apardığı antiterror əməliyyatları BMT nizamnaməsinin 51-ci maddəsinə əsaslanır. Türkiyə bu minval ilə Suriya sərhədi boyunca 30 km-lik təhlükəsizlik koridorunu tamamlamaq niyyətindədir. Ancaq türk qüvvələrinin ehtimal Əsəd qüvvələri ilə toqquşması prossesi antiterror əməliyyatları kontekstindən çıxarıb iki ölkə arasında müharibə konteksinə keçə bilər. Düşünmürəm ki, Ankaranın belə bir niyyəti olsun. Proses bu ssenari üzrə cərəyan etsə, bu zaman Kremlin prosesə müdaxiləsi qaçınılmazdır. Həm İran, həm də Rusiya yaxşı bilir ki, Əsədin Türkiyə qarşısında şansı yoxdur. Əsəd Türkiyəni qarşısına alsa, bu onun hakimiyyətinin sonu deməkdir”.