Türkiyəli beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan Mingəçevir Dövlət Universitetində (MDU) olublar.
Universitetdən Editor.az-a bildiriblər ki, qonaqları salamlayan MDU-nun rektoru Şahin Bayramov qardaş ölkədən gələn beynəlxalq təlimçilərin universiteti ziyarət etmələrindən məmnunluğunu ifadə edib.
İki ölkə arasındakı qardaşlıq münasibətlərinin ali təhsilin inkişafına əhəmiyyətli töhfələr verdiyini qeyd edən rektor MDU-nun tərəfdaş olduğu Türkiyə universitetləri ilə işbirliyi çərçivəsində görülən işlərdən və yaranan əlverişli imkanlardan bəhs edib.
Universitetin strateji hədəflərinə çatmasında kadr potensialının gücləndirilməsi və hərtərəfli inkişafının vacib rol oynadığını vurğulayan Ş.Bayramov bu məqsədlə davamlı şəkildə müvafiq təlimlərin keçirilməsində və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğunu söyləyib.
Səmimi görüşə və göstərilən diqqətə görə təşəkkürlərini bildirən beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan Qarabağ Zəfərindən sonra Azərbaycan-Türkiyə birliyi və qardaşlığının daha yüksək zirvələrə ucalmasından qürur duyduqlarını bildiriblər.
MDU-da Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi önəmin verilməsindən məmnunluqlarını ifadə edən beynəlxalq təlimçilər son dövrdə universitetin modernləşməsi istiqamətində görülən işləri müsbət qiymətləndiriblər.
Akademik və inzibati heyət üzvlərinin, tələbə və magistrantların bilik və bacarıqlarının artırılması məqsədilə əməkdaşlığın potensial istiqamətləri barədə fikirlərini bölüşən qonaqlar birgə fəaliyyətə daim hazır olduqlarını bildiriblər və müvafiq təlim layihələri ilə bağlı təklifləri diqqətə çatdırıblar.
Sonra görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Müzakirələrdə MDU-da fəaliyyət göstərən Qazi Universitetinin professoru Ercan Nurcan Yılmaz, İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov da iştirak edib.
Bildirilib ki, səfər çərçivəsində beynəlxalq təlimçilər İşıl Keskin Şahan və Soner Şahan MDU-da gənc əməkdaşlar və tələbələr üçün “İnnovativ idarəetmə bacarıqları” və “XXI əsrdə karyera inkişafı üçün peşəkar bacarıqlar” mövzularında praktiki seminarlar keçiriblər.
İştirakçılar tərəfindən böyük maraqla qarşılanan seminarlarda geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da kadr potensialının inkişafı diqqət mərkəzində saxlanılır və bu məqsədlə beynəlxalq əməkdaşlığın imkanlarından geniş və effektiv surətdə faydalanmağa xüsusi önəm verilir.