Tusk NATO-da həyəcan siqnalı qaldırıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Bild” yazıb.
Bildirilir ki, Polşanın hava məkanında Rusiya dronlarının peyda olmasından sonra Varşava və NATO həyəcan vəziyyətinə keçirilib.
Səhər saatlarında fövqəladə iclasda çıxış edən Polşa baş naziri Donald Tusk vəziyyəti “genişmiqyaslı təxribat” adlandırıb:
“Biz müxtəlif ssenarilərə şübhəsiz hazır olmalıyıq”, – Tusk bildirib.
Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas isə X platformasında yazıb ki, baş verənlər təsadüfi deyil, məqsədli hava hücumunun əlamətləri müşahidə olunub:
“Bu gecə Polşada Rusiyanın müharibənin əvvəlindən bəri hava məkanına ən ciddi müdaxiləsi qeydə alındı. Bunun təsadüfən deyil, qəsdən edildiyinə dair əlamətlər var”.
Polşa artıq NATO müqaviləsinin 4-cü maddəsi üzrə məsləhətləşmələr üçün müraciət edib. Həmin maddəyə əsasən, hər hansı üzv ölkə özünün ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altına düşdüyü halda, digər üzvlərlə məsləhətləşmə tələb edə bilər.
Ukrayna prezidenti Volodimir Zelenski də insidentə münasibət bildirib:
“Moskva həmişə mümkün olan sərhədləri aşır və sərt cavab görmədikdə bunu yeni eskalasiya mərhələsinə çevirir. Bu gün Avropa üçün son dərəcə təhlükəli presedent yaşandı. Növbəti addımlar yalnız reaksiyanın gücündən və koordinasiyasından asılı olacaq. Rusiya anlamalıdır ki, müharibəni genişləndirmək olmaz, əksinə, dayandırmaq lazımdır”.