Ukrayna ilə bacarmayan Rusiya: “Moskvanın Qərblə yarışa girəcək potensialı yoxdur”backend

Ukrayna ilə bacarmayan Rusiya: “Moskvanın Qərblə yarışa girəcək potensialı yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Krımın Sak rayonunun Novofyodorovka qəsəbəsində yerləşən Rusiya aviabazasının bombardmandan sonrakı peyk görüntüləri yayılıb. Hərbi ekspertlər aviabazanın raket zərbələri ilə vurulduğu fikrində həmrəydir. Lakin raketin tipi məlum deyil. Hadisədə aviabazanın infrastrukturu da ciddi zədə alıb və bərpaya ehtiyacı var. Yəni, strateji əhəmiyyətli hərbi obyektin müəyyən müddətə sıradan çıxdığını söyləmək olar.

İnterpress.az xəbər verir ki, mövzu ilə bağlı siyasi təhlilçi Şahin Cəfərli öz fikirlərini bölüşüb.

O, qeyd edib ki, azı 9 hərbi təyyarənin itirilməsi, infrastrukturun sıradan çıxması, pilotların və texniki personalın ölümü-yaralanması “xüsusi əməliyyat” kateqoriyasına uyğun gəlməyəcək qədər böyük itkidir:

“Rusiya ötən 8 ildə özünün bütün növ və hər cür radiuslu (yaxın, orta, uzaq məsafəli) HHM sistemlərini Krıma doldurub. Rusiya komandanlığı dəfələrlə arxayınlıqla bəyan etmişdi ki, Krımın üzərindən quş da səkə bilməz. Bu lovğalığın əsasının olmadığı üzə çıxdı. Rusiyadan HHM sistemləri alan ölkələr bu barədə düşünməlidir. “Moskva” flaqman gəmisinin batırılmasından sonra Ukrayna savaşının gedişatında Rusiya ordusu və ümumilikdə rus dövlətinin reputasiyası, beynəlxalq nüfuzu növbəti ağır yara aldı. Və belə görünür ki, bu, hələ son olmayacaq. ABŞ və digər NATO ölkələrinin Ukraynaya verdiyi silahlar onların bu sahədə imkanlarının yəqin ki, heç 1 faizi də deyil. Ukrayna ilə bacarmayan Rusiyanın belə bir vəziyyətdə ABŞ və NATO ilə hədə dilində danışmağa davam etməsi artıq gülüş doğurur və ciddi qəbul edilmir. Rusiya bu baxımdan İran rejiminə bənzəməyə başlayıb.

Ukraynanın Rusiya dövləti tərəfindən “toxunulmaz rus torpağı” elan olunan və bu səbəbdən nüvə çətirinin müdafiəsi altında olduğu bəyan edilən Krıma gözünü qırpmadan zərbə endirməsi, daha əvvəl də vurğuladığımız kimi, Rusiyanın Ukrayna üzərində bütün çəkindiriciliyini itirdiyinin, ukraynalıların da öz növbəsində qorxu hissini tamamilə itirərək nə qədər “derzkiy” hərəkət etdiyinin göstəricisidir. Belə bir düşmənlə müharibə aparmaq çox çətin işdir. Müharibənin 6-cı ayında Ukraynanın hərbi əməliyyatları Krım ərazisinə keçirərək geostrateji önəmi yüksək olan bu ərazi üzərində iddiasını net şəkildə ortaya qoyması çox önəmli gəlişmədir.

Rusiya bu savaşın yekununda ordusu xeyli zəifləmiş, dünya enerji və silah bazarlarından sıxışdırılmış, destruktiv (oyunpozucu) potensialı ciddi şəkildə aşınmış orta səviyyəli regional güc səviyyəsinə enəcək. Tamamilə hərbiləşdirilmiş, bərpa üçün axıdılacaq böyük həcmdə vəsaitlərlə iqtisadi inkişafı da zamanla təmin olunacaq Ukrayna dövləti Baltik-Qara dəniz regionunda Rusiya təhdidini önləyəcək əsas faktora çevriləcək”.