Son günlər havaların yağıntılı keçməsi ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsullarının satışında problem yaranıb. Bazarlarda əməlli-başlı məhsul çatışmazlığı və qiymət artımı müşahidə olunur.
Mövzu ilə bağlı İnterpress.az-a açıqlamasında qida üzrə mütəxəssis İlkin Şirinov maraqlı fikirlər səsləndirib.
O bildirib ki, havaların yağıntılı keçməsi, hətta yetişən meyvə-tərəvəzi dolu vurması məhsul qıtlığı yaratmaqla yanaşı, süni qiymət artımına da səbəb olur.
“Yağıntıların normadan artıq düşməsi kənd təəssüfatı məhsullarının yığılmasında və çatdırılmasında problemlər yaradır.
Belə ki, tərəvəz sahələrini sel sularının yuması nəticəsində məhsullar tamamilə məhv olur, bu da öz növbəsində kənd təsərrüfatı məhsullarının satışındakı qiymət artımına birbaşa təsir edir. Bundan istifadə edən işbazlar isə süni qiymət artımı yaradaraq alıcılarda haqlı narazılıq yaradır. Belə olduğu halda yerli məhsullar bazarlarda tamamilə yoxa çıxır, əvəzində xarici məhsullar satışa verilir.
Süni üsullarla yetişdirilmiş meyvə-tərəvəz məhsullarının insan sağlamlığı üçün yaratdığı təhlükədən heç kim sığortalanmayıb. Hibridləşmiş və geni dəyişdirilmiş bu cür məhsullar yerli təbii məhsulların azlığından bazarlara ayaq açır”, – mütəxəssis qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az