Yaponiyanın müdafiə naziri Türkiyəyə ilk rəsmi səfər edib.
İnterpress.az xəbər verir ki, Yaponiyanın müdafiə naziri Nakatani Türkiyəyə rəsmi səfər edən ölkənin ilk müdafiə naziri olub.
“Reuters” agentliyinin məlumatına görə, səfər Yaponiyanın hərbi modernləşdirilməsi çərçivəsində pilotsuz sistemlərin inkişafına artan marağı fonunda baş tutub.
Ankarada Türkiyənin müdafiə naziri Gülər ilə danışıqlar zamanı müdafiə sənayesi sahəsində əməkdaşlığın perspektivləri, o cümlədən Türkiyənin pilotsuz təyyarələrinin mümkün alışı müzakirə edilib.
Bildirilir ki, Yaponiya özünümüdafiə qüvvələrini təchiz etmək üçün bir variant kimi Türkiyə istehsalı olan pilotsuz təyyarələri, o cümlədən Baykar tərəfindən hazırlanmış pilotsuz təyyarələri nəzərdən keçirir.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Nakatani İstanbula da səfər edəcək və burada müdafiə sənayesinin əsas obyektləri: dəniz gəmiqayırma zavodları, Türk Aerokosmik Sənayesi (TUSAS) və Baykar zavodu ilə tanış olacaq.
Xuraman Etibarlı
İnterpress.az