“Tıxacdan çıxan sürücü ayağını qaza basaraq, çox aqressiv sürür”.
İnterpress.az xəbər verir ki, bu sözləri iyul ayının ilk dörd günündə yollarda baş verən qəzalarda 22 nəfərin həlak olmasına münasibət bildirən nəqliyyat eksperti Ərşad Hüseynov deyib.
Onun sözlərinə görə, yol qəzalarında ölüm hallarının artmasının başlıca səbəbi mövcud problemlərin daha da qabarıq üzə çıxdığını göstərir:
“Bu sahədə olan “xəstəliklər” şiddətlənməkdədir. Bu səhər Sumqayıt-Bakı yolunun Biləcəri bərabərindəki hissəsində (təxminən 1 kilometrlik yol sahəsində) 2 arxadan vurulma hadisəsi gördüm. Səhər saatlarında hərəkətin pik vaxtı, ciddi sıxlıq və tıxac olan bir yerdə bu hadisələrin əsas səbəbi sürücülərin telefondan istifadəsidir. Həmin vaxt nəqliyyat axını gah gedir, gah da dayanır, orta sürət 10 km/saat-dan az olur. Diqqət etsəniz, hər 5 sürücüdən dördünün əlində smartfon var. Sadəlövhcəsinə düşünürlər ki, tıxacdır, sosial şəbəkələrə və ya başqa məlumatlara baxaq, görək nə var, nə yox? Onsuz da ara məsafəsi saxlamırıq, belə asta sürətdə isə az qala bufer-buferə və güzgü-güzgüyə sürürük. Sürücünün gözü isə smartfondadır. Qabaqdakı dayananda onu görmür və beləcə bu gün gördüyüm kimi hadisələr baş verir. Düzdür, tıxacda belə hadisə az miqdarda maddi ziyan vurur. Amma buna aludə olan xeyli sürücü bunu yüksək sürət vaxtı da edir. Bu halda isə daha faciəli nəticələr olur.
Tıxacda bu səbəbdən baş verən hadisələr yolu daha da keçilməz edir. Nəticədə həmin tıxac daha dözülməz olur və uzun müddət davam edir. Həmin tıxacdan çıxan sürücü isə ayağını qaza basaraq, çox aqressiv sürür. Nəticədə tıxacdan sonrakı yolda ağır qəza baş verir. Nəzərə alın ki, yollarda etdiyiniz ən xırda səhvlərlə ən ağır faciələr arasında məsafə gözlə qaş arasındakı qədərdir”.