Bu münasibətlə Horadiz əməliyyatında iştirak etmiş hərbi hissənin veteranları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarını, daha sonra Şəhidlər xiyabanında hərbi hissənin zabiti, Milli Qəhrəman Elxan Zülfüqarovun və həmin döyüşlərdə şəhid olmuş yoldaşlarının məzarını ziyarət ediblər.
Milli Qəhrəman E. Zülfüqarovun məzarı üzərində toplanan veteranlar qarşısında çıxış edən hərbi hissənin sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Horadiz əməliyyatının Azərbaycan Silahlı Qüvvələrinin tarixində özünəməxsus rolunu və tarixi nailiyyətini vurğulayıb. O, rəhbərlik etdiyi briqadanın mərhum prezident Heydər Əliyevin 1993-cü ilin payızında xalqa müraciətindən sonra könüllülərdən formalaşdığını, dekabr ayında Füzuli istiqamətinə gəldiyini və əks hücumla Füzuli rayonunun Horadiz qəsəbəsi daxil olmaqla 22 yaşayış məntəqəsini düşməndən geri aldığını bildirib.
“Bu şəhidlər canlarını vətənə, dövlətinə və mənim əmrimə çox görmədilər. Onların qanı artıqlaması ilə alındı. Horadiz döyüşündə ermənilər bir gündə yüzdən çox itki verdilər, onlarla hərbi texnikanı, topu, maşını qənimət olaraq götürdük. Bu gün də biz veteranlar şəhid silah yoldaşlarımızın qisasını almaq üçün Ali Baş Komandanın əmrini gözləyirik. Düşmənə bu dəfə zərbəmiz daha ağır olacaq”, – deyə polkovnik Ş. Ramaldanov bəyan edib.
Hərbi hissənin sabiq komandir müavini, ehtiyatda olan polkovnik-leytenant Tariyel Qəhrəmanov isə Horadiz əməliyyatının həyata keçirilməsi, qüvvələrin düşmən mövqelərinin arxasına keçərək onu köməkdən məhrum etməsindən danışıb. T. Qəhrəmanov bu gün Füzuli rayonunun əhalisinin yarıdan çoxunun işğaldan azad edilmiş yaşayış məntəqələrində yaşadığını vurğulayıb.
Tədbirdə hərbi hissənin sabiq komandir müavini Üzeyir Cəfərov və Milli Qəhrəman E. Zülfüqarovun ailə üzvləri də çıxış ediblər. Ü. Cəfərov artıq Horadiz əməliyyatının ildönümünün qeyd edilməsinin ənənə halını aldığını və hər il bu tədbirə qoşunlanların sayının artdığını bildirib.
İnterpress.az