Milli Məclisin deputatı, Azərbaycan Türkiyə Evinin rəhbəri Tənzilə Rüstəmxanlı “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunu 60 illik yubileyi münasibətilə təbrik edib.
İnterpress.az xəbər verir ki, təbrik müraciətində Tənzilə Rüstəmxanlı Rauf Arifoğlunun Azərbaycan mətbuatında, ictimai-siyasi və fikir tarixində özünəməxsus yeri olan ziyalı olduğunu vurğulayıb.
O bildirib ki, Rauf Arifoğlu 1989-cu ildə təsis etdiyi “Yeni Müsavat” qəzetini Azərbaycanın istiqlalı, demokratikləşməsi və milli maraqları uğrunda mübarizə aparan nüfuzlu media tribunasına çevirib.
Deputat qeyd edib ki, son onilliklər ərzində Azərbaycanın taleyüklü hadisələrinin əksəriyyətində Rauf Arifoğlu həm jurnalist, həm də ictimai-siyasi xadim kimi fəal mövqe nümayiş etdirib. Onun peşəkarlığı, prinsipiallığı və məktəb yaratmış baş redaktor kimi fəaliyyəti Azərbaycan jurnalistikasına mühüm töhfələr verib.
Tənzilə Rüstəmxanlı təbrikində Rauf Arifoğlunu Türk dünyasının ideallarına bağlı ziyalı kimi xarakterizə edərək, onun vətənpərvərliyini, milli dəyərlərə sədaqətini və türkçülük məfkurəsinə xidmətini yüksək qiymətləndirib. Bildirib ki, millətə, dövlətə və milli ideallara xidmət Rauf Arifoğlu üçün təkcə peşə deyil, həm də inanc və xarakter məsələsidir.
Deputat yubilyara möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq uğurları arzulayaraq bildirib ki, onun fəaliyyətinin davamlı olması Azərbaycan üçün faydalıdır. Tənzilə Rüstəmxanlı Rauf Arifoğlunun bundan sonra da ölkənin ictimai fikir həyatına dəyərli töhfələr verəcəyinə inandığını ifadə edib.






