Kabardin-Balkarda qadın turist uçuruma düşərək həyatını itirib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Rusiyanın Kabardin-Balkar Respublikasında faciəvi hadisə qeydə alınıb. Cılı-Su dərəsindəki “Sultan” şəlaləsi yaxınlığında ekskursiyada olan qadın turist müvazinətini itirərək uçuruma yıxılıb.
Məlumata görə, Sverdlovsk vilayətindən gələn 44 yaşlı qadın turist qrupunun tərkibində hərəkət edirmiş. Uçuruma yıxılma zamanı o, həyatla bir araya sığmayan çoxsaylı ağır bədən xəsarətləri alıb və hadisə yerindəcə dünyasını dəyişib.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Həlak olan turistin meyiti çətinliklə uçurumdan çıxarılaraq aidiyyatı üzrə istintaq-operativ qrupuna təhvil verilib.
Faktla bağlı rəsmi təhqiqat başladılıb.

Xuraman Etibarlı
İnterpress.аz






