Ermənistanda məhkəmə iki şirkətin direktorundan dövlətə vurulmuş zərər müqabilində 1 milyard dramdan çox vəsait tutub
İnterpress.аz xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi prokurorluğun rəsmi iddiasını təmin edərək dövlətə vurulmuş külli miqdarda ziyanın kompensasiya edilməsi barədə hökm çıxarıb.
Məhkəmənin qərarı ilə iki məhdud məsuliyyətli cəmiyyətin (MMC) direktoru V.A.-dan Ermənistan Respublikasının büdcəsinə ödənilmək üzrə 1 milyard 150 milyon 584 min dram (təxminən 5 milyon manat) məbləğində vəsait tutulub.
Sözügedən qərar barədə Ermənistan Respublikasının Baş Prokurorluğu rəsmi məlumat yayıb.
Bildirilir ki, məhkəmə tərəfindən müəyyən edilmiş bu məbləğ birbaşa həmin şəxsin rəhbərlik etdiyi şirkətlər tərəfindən dövlətə vurulmuş külli miqdarda ziyanın ödənilməsi məqsədilə dövlət büdcəsinə köçürüləcək.
Aparılan rəsmi təhqiqat çərçivəsində şirkətlərin fəaliyyətində irimiqyaslı maliyyə mənimsəmələri və vergidən yayınma kimi ciddi qanun pozuntuları aşkarlanıb.
Hazırda faktla bağlı zəruri hüquqi addımlar davam etdirilir.
Xuraman Etibarlı
İnterpress.аz






