Bəyanatda Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən proseslər, Dilqəm Əsgərovlə Şahbaz Quliyevin girov götürülərək qanunsuz “məhkəmə”yə cəlb edilməsi, Həsən Həsənovun isə öldürülməsi kimi hadisələrin təəssüflə izlənildiyi qeyd olunub.
BMT-nin 822-ci qətnaməsində Kəlbəcər rayonunun Azərbaycan ərazisi kimi təsdiq olunmasına, Ermənistan qoşunlarının qeyd-şərtsiz Azərbaycan ərazilərindən çıxarılmasına diqqət çəkilən bəyanatda 20 ildən çox bir müddətdə bu ərazilərin hələ də işğalda qalmasının bölgə üçün humanitar fəlakət olduğu vurğulanıb.
“Bununla əlaqədar qeyd etmək lazımdır ki, digər münaqişə zonalarında – məsələn, Gürcüstan, Moldova və Ukraynada insanların sərbəst hərəkət etmək kimi fundamental azadlığının bu və ya digər dərəcədə təmin olunduğu bir zamanda, azərbaycanlılar hətta öz yaxınlarının məzarını ziyarət etmək hüququndan məhrum ediliblər. Əgər nasistlər işğal etdikləri ərazilərin sakinlərinə öz torpaqlarında qalmağa icazə verirdilərsə, Ermənistan daha da irəli gedərək, işğal etdiyi ərazilərdə etnik təmizləmə aparıb”.
Bəyanatda bildirilir ki, girovların adından mətbuata yayılan “ifadə”lər və bu “məhkəmə prosesi” Ermənistanın məqsədyönlü siyasətinin göstəricisidir: “Ermənistan qısamüddətli planla bölgədə gərginliyi artırmağa, ermənilər arasında “Azərbaycanafobiya” yaymağa, danışıqlar prosesini daha da çətinləşdirməyə çalışır. Bölgədəki gərginliyə görə, Ermənistan rəhbərliyi tam məsuliyyət daşıyır”.
Beynəlxalq fond ATƏT, BMT, Avropa Şurası, BQXK kimi beynəlxalq təşkilatlara da müraciət edərək, girovların tezliklə azad olunmasına səy göstərməyə çağırıb. ( apa )
İnterpress.az