205 qəsdən adam öldürmə cinayətinin üstü açılıbbackend

205 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müşavirədə çıxış edən Baş prokuror Zakir Qaralov 2014-cü ilin Azərbaycan Respublikası Prokurorluğu orqanları üçün də uğurlu hesabat dövrü olduğunu bildirib. Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin görülməsi təmin olunub.

Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri ilə həyata keçirilmiş birgə səmərəli istintaq-əməliyyat tədbirləri nəticəsində hesabat ilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılması və onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin həyat keçirilməsi təmin olunub. 2014-cü ildə qeydə alınmış 205 qəsdən adam öldürmə cinayəti, o cümlədən qeyri-aşkar şəraitdə törədilmiş bu qəbildən olan cinayətlərdən 83-ü isti izlərlə açılıb. Hesabat ilinin sonunda İmişli rayonunda Reyhan Səfərovanın, Qax rayonunda Rostiaşvili qardaşlarının və Göyçay rayonunda Sahib Abbasovun qəsdən öldürülməsi cinayətlərinin açılması və bu cinayətləri törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları təmin edilib.

Hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində respublikada ictimai rezonansa səbəb olmuş bir sıra cinayət hadisələri üzrə, o cümlədən Azərbaycan Respublikasının bir sıra qeyri-hökumət təşkilatlarının, eləcə də xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları ilə bağlı başlanmış cinayət işlərinin istintaqı yüksək peşəkarlıqla davam etdirilib.

Cinayətkarlığa qarşı mübarizə sahəsində terrorçuluq, müxtəlif xarakterli ekstremizm təzahürlərinə qarşı həyata keçirilən mübarizə tədbirləri də diqqət mərkəzində saxlanılmış, bu qəbldən olan cinayət işlərinin istintaqı zamanı bütün təqsirli şəxslərin ifşa olunaraq məhkəmə məsuliyyətinə verilməsi ilə yanaşı, cinayəti doğuran səbəb və şəraitin aşkarlanaraq müvafiq qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Respublikanın digər hüquq – mühafizə orqanları ilə birgə fəaliyyətin nəticəsində hesabat dövründə cinayətkarlığa qarşı mübarizənin gücləndirildiyi, kriminogen durumun daha da stabilləşməsi ilə nəticələnən göstəricilərə nail olunduğu, mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görüldüyü, dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq ədalətli və şəffaf prosedurlar əsasında gənc kadrların prokurorluqda qulluğa qəbulu istiqamətində tədbirlərin davam etdirilməsi, sonuncu müsabiqənin nəticələri də nəzərə alınmaqla qulluğa qəbul edilmiş 627 gənc hüquqşünasın hazırda respublika prokurorluq orqanlarının kadr korpusunun 58 faizini təşkil etməsi, eləcə də prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqi istiqamətində zəruri tədbirlərin görüldüyü barədə geniş məlumat verilib.

Baş prokurorun birinci müavini Rüstəm Usubov hesabat ilində cinayətkarlığa qarşı mübarizə, istintaq işinin və ibtidai araşdırmaya prosessual rəhbərliyin təşkili sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr, Baş Prokurorluğun Təşkilat-analitik idarəsinin rəisi Müqəddəs Sultanov Baş Prokurorluğun 2014-cü ilin ikinci yarımilinə dair iş planının icra vəziyyəti və cari ilin birinci yarımili üçün iş planı barədə, Baş Prokurorluğun Hüquqi təminat və informasiya idarəsinin rəisi Natiq Hüseynov isə hesabat ilində prokurorluq orqanlarında informasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Baş Prokurorluğun əlaqədar struktur qurumlarına baş vermə müddətindən asılı olmayaraq əvvəlki illərdə törədilməklə bağlı qalan 12 qəsdən adam öldürmə cinayətlərinin açılması üçün zəruri tədbirlərin görülməsi, daxili işlər orqanları ilə qarşılıqlı əlaqədə konkret hadisələr üzrə istintaq və əməliyyat-axtarış işlərinin real vəziyyətinin öyrənilməsi yolu ilə onların intensivliyinin artırılması, səlahiyyət dairəsində olan bütün imkanlardan istifadə olunmaqla təqsirkar şəxslərin müəyyən olunmasının təmin edilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Xüsusi göstəriş verilib ki, Baş Prokurorluğun müvafiq qurumları qaz təchizatı sahəsində fəaliyyət göstərən və bu sahəyə dövlət nəzarətini həyata keçirən müvafiq icra strukturları və dövlət təsisatları ilə əlaqəli şəkildə, insanların ölümünə və xəsarət almasına, ölkə iqtisadiyyatına külli miqdarda ziyan dəyməsinə səbəb olan qaz partlayışları və dəm qazından zəhərlənmə hadisələrini doğuran səbəb və şəraitin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlərin görülməsi təmin edilsin.

Əməliyyat müşavirəsində hesabat dövrü ərzində görülmüş müsbət işlərlə yanaşı, fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil və ciddi tənqid olunmaqla, istintaq işi və ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi zamanı yol verilən nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində zəruri tədbirlərin görülməsi barədə konkret tapşırıqlar verilib.

Baş Prokurorluğun Təşkilat-analitik və Kadrlar idarələri, habelə digər struktur qurumların rəhbərlərindən tələb edilmişdir ki, əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.

Müşavirədə prokurorluq orqanlarında informasiya kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron Sənəd Dövriyyəsi” və “Elektron Cinayət” İnformasiya proqramlarının tam fəaliyyət göstərməsi, bu sahədə həyata keçirilən işin səmərəliliyinin artırılması barədə tapşırıqlar verilib.

Eyni zamanda, 2014-cü il ərzində görülmüş işlərin vəziyyətinin ümumiləşdirilməklə nəticələrinin təsdiq edilmiş cədvələ uyğun olaraq, Baş Prokurorluğun idarə və şöbələrində müzakirələrin aparılması, habelə Baş Prokurorluğun geniş kollegiya iclasının keçirilməsinə hazırlıqla əlaqədar müvafiq tapşırıqlar verilib.

İnterpress.az