“Müəllim” sözü müraciət formasıdırmı?backend

“Müəllim” sözü müraciət formasıdırmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müəllim” sözü ərəb sözü olaraq, öyrədən, təhsil, təlim, tərbiyə verən, özü yüksək mədəniyyət nümunəsi olan bir peşə sahibi mənasını ifadə edir. Bu sözün sinonimi kimi, mürşid, molla və s. sözlər olsa da, müəllim sözü daha uzun ömürlü olmuş, öz ilkin mahiyyətini itirməmişdir. Bu söz həm də, hörmət, izzət və ləyaqət əlamətlərini özündə əks etdirmişdir.

Ta qədim zamanlarda müəllim adını qazanmaq üçün hər hansı bir təhsil ocağında (dini və dünyəvi) oxumalı, elm, təhsil, təlim, tərbiyə və s. nümunələrinin ən ideal əlamətlərini qazanmaq gərəkli olmuşdur. Bu əlamətlərin özündə cəmləşdirməsini təsdiq edən sənətlər – şəhadətnamə, diplom və s. rəsmi dövlət sənədi olan şəxslər “müəllim” adını qazanır və ona bu adla müraciət edirdilər. Bu günlərimizdə rəsmi olaraq müəllim statusu qazanmış müəllimləri (yaxşı və ya pis) “müəllim” deyə müraciət olunması, onların halal haqqıdır.

Ayrı-ayrı sənət sahiblərinə də öz sənətinə, ixtisasına uyğun müraciət olunmasını (məsələn, həkim, mühəndis, müstəntiq, məmur və s.)nəyi pisdir? Bəla burasındadır ki, bizdə əyin-başına bir qədər fikir verən, qalstuk vuran hər kəsə “müəlim” deyə müraciət olunur. Ən pisi də odur ki, oturuşunu-duruşunu, danışığını, hərəkətini, rəftarını və s. bilməyən, rüşvətxor, oğru-tülü, bisavad, mənəviyyatsız və əxlaqsız bir çox sənət sahiblərinə də, (xüsusən dövlət məmurlarına) müəllim deyə müraciət olunur. Hətta belə ləyaqətsiz dövlət məmurları ixtisasca müəllim olmaya-olmaya ona az qala “müəllim” deyə müraciət olunmasını tələb edirlər.

Çox təəssüf ki, bizim bir çoxumuz bu kimi insanabənzər canlılara həmişə “müəllim” deyə müraciət edir, onları qudurdur, təmizlik, paklıq simvolu olan müəllimləri təhqir etmiş oluruq. Hərdən bir dövlət məmuruna “bəy” deyə müraciət etdikdə, elə bil ona söyüş söymüş olursan. Bu adamdan soruşmurlar ki, ay nadan kim sənə haqq verib ki, şərəfsiz əməllərlə məşğul olan adının sonuna “müəllim” sözünü əlavə eədərək bu müqəddəs peşə sahiblərini təhqir edirsən? Əlbəttə, cəmiyyətimizdə ixtisasca müəllim olmayan, əsl müəllim adını daşımağa layiq olan dövlət məmurları, ayrı-ayrı sənət sahibləri də vardır ki, onlar xalqımızın ləyaqətli övladları
sayılırlar.

Ən çox xoşa gəlməyən məsələlərdən biri odur ki, bir çox tərbiyəsiz, incəsənət adamlarına (aparıcılar, ifaçılar, müğənnilər və s.) “müəllim” , “bəy” və ya “xanım” deyə müraciət olunmasıdır. Bunlar heç vaxt bu müraciət formalarına layiq olmamış və layiq deyillər. Onların öz gözəl adları və dilləri var – Manıs! Onlar ancaq “manısın kalvası xasdır”- işlərinə fikir versələr daha yaxşı olar… Bir ay bundan qabaq ərz etdiyim kimi cəmiyyətimizdə “bəy və xanım” sözləri müraciət forması kimi özünü doğrultmur. Hər kişiyə “bəy”, hər qadına “xanım” demək günahdır.

“Müəllim” deyə müraciət forması isə bu adı rəsmi qazananlara, (yaxşısına da pisinə də) və bu adı daşımağa layiq olanlara müraciət etmək lazımdır. Hər cür insani keyfiyyətlərdən uzaq insanlara “müəllim” deyə müraciət etmək düzgün deyildir. Mənə elə gəlir ki, “bəy”, “xanım” və “müəllim” müraciətləri işlədərkən qarşı tərəfin bu sözlərin mənasına layiq olub olmaması nəzərə alınaraq işlədilməlidir. Digər tərəfdən son zamanlar danışıq dilimizdə müraciət forması kimi işlədilən əmi, dayı, bibi, ay oğlan, ay qız, bacıoğlu, əzizim, qardaş, yoldaş və s. müraciət formaları geniş yayılmaqdadır. Bu müraciət formaları çox gözəldir və səmimiyyət, mehribançılıq hissləri aşılayır. Bu sözlərin axırına bir “can” sözü də əlavə edərək işlədilməsinin nəyi pisdir?

Səməndər Çaxmaqlı
İnterpress.az